24 aprel 2024 00:47
249

Yeni mərhələdə ÜDM-nin artımı hansı amillərdən asılı olacaq?

Bu ilin ilk 2 ayında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 8 milyard 555 milyon manat olub. Bu dövrdə xərcləmələrin 50,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 1,3 faizi kompyuterlərin, telekommunikasiya avadanlıqları və çap məhsullarının, qalanı isə digər malların alınmasına sərf olunub.

Xərcləmələrin strukturunda içkilər və tütün məmulatların alınmasına yönəldilən vəsaitlərin həcmi diqqət çəkir. Cari ilin yanvar-fevral aylarında vətəndaşlar bu məqsədlə 440.4 milyon manat xərcləyiblər. Bu, o deməkdir ki, vətəndaşlar tərəfindən içkilər və tütün məmulatların alınmasına hər ay orta hesabla 220 milyon manat xərclənir. Bu dövrdə kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına isə cəmi 109 milyon manat xərclənib. Yəni, hər ay ölkəmizdə içki və tütün məhsullarına kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarından 4 dəfə çox pul xərclənir.

Oksford Universitetinin son tədqiqatlarına görə, dünya əhalisinin ən azı 8 faizi tütün məhsullarının, 5 faizi isə spirtli içkilərin istehlakından dünyasını dəyişir. Kompyuterlər və telekommunikasiya avadanlıqları isə innovasiya və elmin inkişafı baxımından çox vacibdir.

Bu ilin birinci rübünün makroiqtisadi yekunlarına gəlincə, 2 mühüm məqam diqqət çəkir. Birincisi, iqtisadi artım daha çox qeyri-neft-qaz sektoru hesabına formalaşır. Belə ki, qeyri-enerji sektorundakı 6,7 faizlik artım ümumi daxili məhsulda (ÜDM) 4 faiz artıma səbəb olub. İkincisi, neft-qaz sektoru stabilləşmə mərhələsinə qədəm qoya bilər. Belə ki, uzunmüddətli azalmadan sonra enerji sektorunda 0,4 faiz artım qeydə alınıb. Bu, eyni zamanda, iki digər mühüm nəticəyə gəlməyə əsas verir. Birincisi, qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların dərinləşməsi prioritetliyini daha da gücləndirib. Çünki artıq yeni mərhələdə ÜDM-nin artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq.

Digər tərəfdən, ÜDM ilə yanaşı, ümumi ixracat və fiskal gəlirlərdə də qeyri-enerji sektorunun payının artırılması vacibdir. Praktiki olaraq iqtisadi artımda drayverə çevrilən qeyri-neft-qaz sektoru digər makroiqtisadi göstəricilərdə də xüsusi paya malik ola bilər. İkincisi, neft sektorunda yaranan dəyərə hasilatla yanaşı, “qara qızıl”ın qiyməti birbaşa təsir göstərir. Bu da sözügedən sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır.

Cari ilin birinci rübündə Azərbaycanın Avropaya qaz ixracatı 10,3 faiz artaraq 3,2 milyard kubmetr olub. Avropa ilə yanaşı, Türkiyəyə 2,3, Gürcüstana isə 0,9 milyard kubmetr qaz ötürən Azərbaycanın həmin dövrdə ümumi ixracatı 6,4 milyard kubmetr olub. Həmin dövrdə Azərbaycanda 12,6 milyard kubmetr qaz hasil olunub ki, bu da əvvəlki ilin uyğun dövrünə nisbətən 0,4 milyard kubmetr çoxdur. Bütövlükdə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 aprel 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 219,6 milyard kubmetr, “Şahdəniz”dən isə 216 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 153,4 milyard kubmetri ixraca nəql edilib.

Göründüyü kimi, Azərbaycanın regionun və bütövlükdə Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolu güclənməkdədir. Azərbaycan Avropa İttifaqına ən çox qaz ixrac edən ölkələr arasında ilk beşlikdədir. Növbəti dövrdə regionda, xüsusən də Mərkəzi və Şərqi Avropada qaz əməkdaşlığının daha da genişlənəcəyi gözlənilir. Yunanıstan-Bolqarıstan İnterkonnektoru vasitəsi ilə daha çox ölkələrin Azərbaycan mavi qazını alacağı gözlənilir.

Bütün bu göstəricilər Azərbaycanın perspektivdə iqtisadi göstəricilərinin daha da artacağını, bunun müqabilində sosial islahatların getdikcə dərinləşəcəyini deməyə əsas verir. Həmçinin dövlət büdcəsinə daxil olan valyutadan Qarabağ və Şərqi Zəngəzurun bərpasına ayrılan vəsait ildən-ilə artır. Bu isə keçmiş məcburi köçkünlərin Böyük Qayıdış konsepsiyası çərçivəsində tez bir zamanda öz doğma yurd-yuvalarına qayıtmasına şərait yaradacaq. Bu istiqamətdə görülən misilsiz işlər sözügedən əraziləri dünyanın ən inkişaf etmiş bölgələrinə çevirəcək. 

Cavid Əkbər, “İki sahil”