14 may 2026 23:20
136

Qlobal şəhərsalma gündəliyi ölkəmizdə müzakirə ediləcək - TƏHLİL

Azərbaycan şəhərsalma təcrübəsini 180 ölkədən 32 mindən çox iştirakçı ilə bölüşəcək

Azərbaycanın xarici siyasət uğurlarını, beynəlxalq münasibətlər sistemində yeri və rolunu təsdiqləyən mühüm amillərdən biri də ölkəmizin ev sahibliyi etdiyi tədbirlərdir. Diqqət yetirsək görərik ki,  bu tədbirlərin hər biri  müxtəlif sahələri əhatə edir. Bu, onu göstərir ki, Azərbaycan təkmil inkişaf modelinə sahibdir,  hər sahədə zəngin təcrübəsi vardır. Cari ilin ilk ayında  2026-cı ildə keçiriləcək  beynəlxalq əhəmiyyətli tədbirlərin xronologiyası təqdim edildi. Bu sırada COP-dan sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) qeyd etməliyik. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də özündə mühüm məqamları ehtiva edir. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də məhz Azərbaycanın  dünyanı Bakıya toplamaqla iqlim dəyişmələrinin  yaratdığı problemlərə qarşı  birgə addımların atılmasını təmin edən, iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən COP29 tədbirinin keçirilməsi ilə sıx bağlı idi. Bu kimi məqamlar Azərbaycanın müasir dövrün çağırışlarına nə qədər önəm verməklə yanaşı, onların uğurla həyata keçirilməsinə  öz töhfələrini vermək marağını  təsdiqləyir.

2026-cı ildə   keçirilən və  keçiriləcək  tədbirlərin xronologiyasına diqqət yetirməklə Azərbaycanın beynəlxalq səviyyədə ideal məkan kimi qəbul edildiyini daha aydın şəkildə görə bilərik.  Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası, Ümumdünya Ətraf Mühit Günü, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci illik iclası, XIII Qlobal Bakı Forumu, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM / CICA) növbəti Zirvə toplantısı,  “Formula 1”in  Azərbaycan Qran- Prisi, Cüdo üzrə dünya çempionatı və sair. Bu sıralamanı  davam etdirə də  bilərik. O da məlumdur ki,  Prezident İlham Əliyevin Sərəncamı  ilə 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur.

   Bu tədbirlərə  Azərbaycanın ev sahibliyi ölkəmizin   qlobal dialoq, iqtisadi əməkdaşlıq, ekoloji təşəbbüslər və beynəlxalq idman platformalarında artan rolunun təsdiqidir. Azərbaycan hər zaman əməkdaşlıq məkanı kimi diqqətdədir. Bu il üçün nəzərdə tutulan tədbirlərin hər biri ölkəmizin malik olduğu imkanların, zəngin təcrübəsinin  beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayır və oynayacaq. Qloballaşan dünyada şəhərsalma insan həyatının keyfiyyətini artırmaq, ətraf mühiti qorumaq və iqtisadi inkişafı təmin etmək baxımından əsas prioritetlərdən birinə çevrilib. Mayın 17-dən 22-dək   keçiriləcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13)  180 ölkədən 32 mindən çox nümayəndəni bir araya gətirəcək. COP tədbirindən sonra ikinci böyük beynəlxalq tədbir olan Ümumdünya Şəhərsalma Forumu hər bir ölkənin iqtisadi imkanlarını, müasir çağırışları necə  cavablandırmasını özündə ehtiva edən şəhərsalma təcrübəsini nümayiş etdirəcək. Ölkələr bu sahədə mövcud imkanlarını, təcrübələrini bölüşəcək, ən əsası yeni əməkdaşlıq formatları yaradılacaq. 180 ölkədən 32 mindən artıq təmsilçinin özü həm tədbirin əhəmiyyətini, ona olan marağı açıqlayır, həm də keçirildiyi məkan olaraq Azərbaycanın beynəlxalq nüfuzunu təsdiqləyir. Azərbaycan öz inkişaf strategiyalarında şəhərsalmanı insan mərkəzli, ekoloji və iqtisadi cəhətdən dayanıqlı şəkildə formalaşdırmağa xüsusi önəm verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən şəhərsalma proqramları, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri bu sahədə Azərbaycanı regionun qabaqcıl ölkələrindən birinə çevirib. Onu da qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun  əhəmiyyəti “UN-Habitat” və onun tərəfdaşları üçün bir neçə mühüm yubileylə sıx bağlıdır. Bu il  bir sıra tarixi və rəmzi hadisələrin yubileyləri qeyd olunur. Belə ki,  1976-cı ildə keçirilmiş və “UN-Habitat”ın yaradılmasının əsasını qoymuş “Habitat I” konfransının 50 illiyi, 1996-cı ildə İstanbulda təşkil olunmuş “Habitat II” konfransının 30 illiyi, 2016-cı ildə qəbul edilmiş “Yeni Şəhər Gündəliyinin” 10 illiyi məhz 2026-cı ildə tamam olur. Bu yubileylər BMT-nin şəhərsalma sahəsindəki fəaliyyətinin mühüm mərhələlərini və qlobal şəhər inkişafı istiqamətində əldə olunan nailiyyətləri əks etdirir. Yubiley tədbirlərinin keçirildiyi  bir dönəmdə paytaxt Bakının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolundan, möhkəmlənən mövqeyindən xəbər verir.  Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Zəngilan  şəhər sakinləri ilə görüşündə Azərbaycanın beynəlxalq aləmdə hörmətinin artmasını şərtləndirən amillərə də diqqəti yönəltdi. “Bizə olan hörmət, rəğbət, xoş münasibət getdikcə daha da genişlənir. Bütün bunların səbəbi var” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, əlbəttə, bizim ləyaqətli siyasətimiz, sözlə əməl arasındakı birlik və təbii ki, bizim hərbi qələbəmiz: “Mən bunu dəfələrlə demişəm, bunu indi hər kəs görə bilir. Təkcə bunu görmək üçün tarixçi olmaq lazım deyil. Qısa müddət ərzində bizim qədər tam, mütləq, birmənalı qələbə qazanan ikinci ölkə olmamışdır.” Cənab İlham Əliyev onu da bildirdi ki,  bizə olan hörmətin bir çox  səbəbləri var ki, onlardan biri  həm qalib, həm müharibəni müharibə qanunlarına uyğun aparan, həm də humanitar qaydalara riayət edən  və qurub-yaradan xalq kimi tanınmağımızdır.

Sözsüz ki, Bakı Forumu bütün bu reallıqların dünyaya çatdırılmasında növbəti platforma olacaq. Bu Forum ölkələrə ötən dövrdə əldə olunmuş təcrübələri müzakirə etmək və gələcək üçün yeni, innovativ həllər tapmaq imkanı yaradacaq. Azərbaycan üçün  WUF13 həm ölkəmizin qlobal şəhərsalma gündəliyindəki mövqeyini möhkəmləndirmək, həm də regionda dayanıqlı və ağıllı şəhərsalma modellərini təşviq etmək üçün əvəzsiz platformadır.

Qeyd etdiyimiz kimi, hər bir beynəlxalq tədbirin əhəmiyyətini həm onun əhatə etdiyi mövzu, həm də keçirildiyi məkan ortaya qoyur. İşğaldan azad edilmiş ərazilərimizin- Ağdam, Zəngilan və Xankəndi şəhərlərinin ev sahibliyi etdiyi Azərbaycan Milli Şəhərsalma forumları ilə yanaşı, paytaxt Bakımızın 80 mindən artıq  qonağı bir araya gətirərək iqlim dəyişmələrinin yaratdığı problemlərin aradan qaldırılmasaı ilə bağlı mühüm nəticələrin əldə edildiyi COP29 tədbiri də Ümumdünya Şəhərsalma Forumuna gedən yolun təqdimatları, hazırlıq prosesi kimi dəyərləndirilir. Belə ki, COP29 çərçivəsində şəhərsalma üzrə yüksəksəviyyəli görüşlərin təşkili, eləcə də beynəlxalq ekspertlər qruplarında fəal iştirak Azərbaycanın bu sahədə strateji baxışını ortaya qoydu. WUF13 təkcə şəhərsalma deyil, həmçinin iqlim, infrastruktur, texnologiya, kənd təsərrüfatı və insan rifahı sahələrində çalışan bütün qlobal mütəxəssislər  üçün gələcəyin şəhərlərinin necə qurulacağına dair yol xəritəsini təqdim edəcək.

Son illərdə paytaxt Bakıda həyata keçirilən kompleks abadlıq, infrastruktur və yaşıllaşdırma proqramları Azərbaycanın şəhər planlaşdırılmasına dair uzunmüddətli baxışını əks etdirir. Yeni salınan parklar, bərpa olunmuş ictimai məkanlar və ekoloji baxımdan balanslaşdırılmış şəhər strukturu Bakını dayanıqlı və yaşamaq üçün daha əlverişli məkana çevirir. Bu təşəbbüslər həm də ölkənin WUF13 kimi nüfuzlu tədbirlərə əhəmiyyətli töhfə verməyə tam hazır olduğunu göstərir.

Prezident İlham Əliyevin “Şəhərsalma və Memarlıqi İli” ilə bağlı Sərəncamında da qeyd edildiyi ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır. Azərbaycan şəhərsalma və memarlıq sənətinin bariz nümunələri olub daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlamışdır.

Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz – qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır. Bakı şəhəri Şərq və Qərb memarlığının sintezində qədimliklə müasirliyin vəhdətini qoruyur.

Hazırda Azərbaycanın  sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluqlar təsbit edilməklə, memarlıq və şəhərsalma fəaliyyətinin prioritet istiqamətləri olaraq müəyyənləşdirilib. Tarixi Zəfərimizdən sonrakı dövr azad edilmiş ərazilərdə Azərbaycanın müasir şəhərsalma  təcrübəsinin təqdimatı ilə xarakterizə olunur. Yenidən qurulan şəhər və kəndlərimiz Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Əvvəldə də qeyd etdiyimiz kimi, Ağdam, Zəngilan və Xankəndi şəhərlərində Azərbaycan Milli Şəhərsalma forumları keçirildi.  İlk Forum Ağdamda keçirildi.  30 illik işğal dövrünün dağıntılarının fonunda “ruhlar şəhəri” adlandırılan Ağdam şəhəri bu gün müasir görkəmi ilə diqqətdədir. Cənab İlham Əliyev Zəngilan şəhəri sakinləri ilə görüşündə də bərpa-quruculuq işlərindən bəhs edərkən bildirdi: “İşğal dövründə hər dəfə keçmiş köçkünlərlə dövlət xətti ilə yeni inşa edilmiş şəhərciklərdə görüşlər zamanı deyirdim ki, bu, müvəqqəti bir yerdir. Torpaqlar azad olunandan sonra sizin üçün daha gözəl şərait yaradılacaq. Bax, bu gün bu Zəngilan şəhərinin bu gözəl mənzərəsi o sözlərimi bir daha təsdiqləyir.” Təkcə Zəngilan şəhərinin timsalında şəhərsalmanın müasir təcrübəsini daha aydın görmək mümkündür. Bircə faktı qeyd etmək kifayətdir ki, işğaldan azad edilmiş ərazilərimizdə tikilib istifadəyə verilən üç beynəlxalq hava limanından biri Zəngilan şəhərindədir. Hava limanlarının beynəlxalq status qazanması bu ərazilərin  strateji əhəmiyyətini açıqlayır. Füzuli, Laçın beynəlxalq hava limanları da qonaqlarını qarşılamaqdan  sevinclidir. Artıq bu imkanlar  həmin əraziləri diplomatik mərkəzə çevirib. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, DOST, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin uğurlu icrası bu ərazilərini müasir simasında özünün aydın ifadəsini tapir. Qarabağımız və Şərqi Zəngəzurumuz yaşıl enerji zonası elan edilib. COP29 iqlim konfransı bütün bu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. BMT‑nin Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə birgə təşəbbüslər və bu çərçivədə memarların bir araya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın beynəlxalq tərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu nümunəsidir.

    Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şəhər konsepsiyaları, xüsusilə də azad edilmiş ərazilərdə sıfırdan inşa olunan ağıllı və ekoloji məntəqələr Azərbaycanın bu sahədə regional lider kimi çıxış etdiyini göstərir. Digər beynəlxalq tədbirlər kimi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası da Azərbaycanın yüksək təşkilatçılığı və uğurlu nəticələri ilə  hər kəsi heyrətləndirəcək. Necə ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirildi.

   Dövlət başçısı İlham Əliyev bu günlərdə  Bakı Olimpiya Stadionunun ərazisində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış oldu. Görülmüş işlərin təqdimatı tədbirin yüksək səviyyədə keçiriləcəyinin aydın  mənzərəsini yaradır. WUF13 dünyanın diqqətini  ölkəmizə yönəldərək müasirliyin və qədimliyin sintezini yaradan Bakımızla yanaşı, digər şəhərlərimizin də timsalında şəhərsalma sahəsində keçdiyi inkişaf yolunu və əsasda  müəyyənləşdirdiyi təcrübəni 180 ölkədən 32 mindən çox iştirakçı ilə bölüşəcək. Bu say artıq WUF tarixində rekord göstəricidir. Bu mühüm tədbirdə Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və şəhərsalma modeli, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, bu regionların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı görülmüş işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl nümunələr kimi dünya ictimaiyyətinə təqdim ediləcək. WUF13, həmçinin WUF tarixində ilk dəfə Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Göründüyü kimi, Azərbaycanın hər bir sahədə qazandığı uğurlar, zəngin təcrübə ölkələrin inkişafında lider və düşünülmüş siyasət amillərinin rolunu daim  önə çəkməyə çağırışlar edir. Ümummilli Lider Heydər Əliyevin  bugünümüz və gələcəyimiz üçün müəyyənləşdirdiyi inkişaf strategiyasında şəhərsalma və memarlığın inkişafı xüsusi mərhələ təşkil edir. Reallıq budur ki, tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı Ulu Öndərin təşəbbüsü ilə  vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar qurulmuşdur. Bu gün bu ilər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanı dünyaya innovasiyala ölkəsi kimi təqdimatını şərtləndirən  amillər hər kəsə məlumdur. Cənab İlham Əliyev hər bir yeniliyin ölkəmizdə tətbiqini əsas hədəf kimi qarşıya qoyur. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bütün bu imkanları təmin edəcək. Tarixi Zəfəri ilə dünyaya səs salan Azərbaycanın  hər ay, hər gün bu və ya digər sahələr üzrə beynəlxalq tədbirlərə ev sahibliyi  böyük qürur hissi yaradır.  Tariximizin Zəfər Günündən başlanan dövrü  yeni reallıqların fonunda Azərbaycanın artan nüfuzunun, söz sahibliyinin təqdimatıdır.

Yeganə Əliyeva, “İki sahil”