24 aprel 2024 11:10
180

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasında baş verən qəza bəşəriyyət tarixinin ən böyük texnogen fəlakəti hesab edilir. Qəza zamanı atom stansiyasının dördüncü reaktoru yanaraq tamamilə məhv olmuş, reaktorun fəaliyyəti nəticəsində yığılmış radioaktiv məhsulların bir hissəsi ətraf mühitə yayılmışdı. Radiasiyanın ətraf mühitə yayılması, təxminən, on gün ərzində davam etmiş, daha sonra radioaktiv məhsullar müxtəlif yollarla yayılmışdı.

“İki sahil” xəbər verir ki, aprelin 24-də “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin üzvləri həmin hadisənin növbəti ildönümü ilə bağlı Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüblər.

Görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

İctimai Birliyin üzvləri Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər. Daha sonra “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.