Yapon dietoloqu Asako Miyashita uzun ömrün sirri ilə maraqlananlar üçün yaponların tez-tez qəbul etdikləri bəzi qidaları sıralayıb:
Yaponlar qidanı dərman kimi düşünürlər
Dietoloq “CNBC”də dərc olunan məqaləsində deyib: “Mən Yaponiyada böyümüşəm, orada mənə kiçik yaşlarımdan yeməkləri dərman hesab etməyi öyrədiblər. Nənəmin 92 yaşı var və uzun ömrünü düzgün qidalar yeməyə borcludur.”
Miyashitanın məqaləsində Yaponiyada yaşı 100 və daha çox olan 90 min 526 nəfərin olduğu qeyd edilir və Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin 2022-ci il hesabatına əsasən, 20 il əvvələ görə bu rəqəmin 5 dəfədən çox olduğu vurğulanır.
Yaponiyanın kiçik adası olan Okinava son illərdə dünyada 100 yaşdan yuxarı olan insanların ən çox sıx məskunlaşdığı bölgə kimi gündəmə gəlib.
Şirin kartof
Adi kartofla heç bir əlaqəsi olmayan şirin kartof bir çox ölkələrdə yeni-yeni tanınmağa başlayır. Okinavanın bənövşəyi şirin kartofu (yaponlar imo adlandırırlar) Yaponiyada qəlyanaltı və desert kimi yeyilir.
Antioksidantlarla zəngin qırmızı-bənövşəyi rəngli tərəvəz yaşlanma əleyhinə xüsusiyyətlərə malikdir. Araşdırmalar göstərir ki, bu tərəvəzlər ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir.
Balıq
Ənənəvi yapon pəhrizinə riayət edən Miyashita sözlərinə belə davam edib: “Mən gündəlik yeməklərimə həmişə bir qədər protein əlavə edirəm, xüsusilə də bunlar qızılbalıq və ton balığı kimi yağlı balıqlardır. Balıqdakı omeqa-3 yağları qan təzyiqini və triqliseridləri aşağı salmağa, iltihabı aradan qaldırmağa kömək edir. Triqliseridlər həm orqanizm tərəfindən istehsal olunur, həm də qida ilə orqanizmə daxil olur.
Daikon turpları
Yapon mətbəxində turp və buna bənzər tərəvəzlər mühüm yer tutur. Yapon filmlərində, seriallarında və cizgi filmlərində evə gələn yaponun dərhal bişirmək üçün turp və tərəvəz doğramağa başladığını görə bilirsiz. Daikon turpu da onlardan biridir. Daikon turpları soyuqdəymənin qarşısını almağa və immun sistemini gücləndirməyə kömək etməklə tanınır.
Virus və mikroblara qarşı təbii qalxan kimi istehlak edilən bir daikon turpunda gündəlik C vitamini ehtiyacının 124%-i var.
Kök, şalgam (köklü tərəvəz), çuğundur və cəfəri də sağlam kök tərəvəzləri arasındadır.
Vüsal Cahanov, “İki sahil”