24 aprel 2024 16:06
575

İlon Mask bu ölkədə avtomobil zavodu tikilməsini təxirə salıb

“Tesla” avtomobil istehsalçısının Baş direktoru İlon Mask kompaniyanın strategiyasındakı dəyişikliklə əlaqədar Hindistanda elektromobil zavodunun tikintisi planlarını müzakirə etmək üçün bu ölkəyə səfərini 2024-cü ilin sonunadək təxirə salıb.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, elektromobil istehsalçısı yaxın gələcəkdə Hindistan və Meksikadakı zavodlara sərmayə qoymaq əvəzinə, 2024-cü ilin sonunadək yeni və daha sərfəli elektrik avtomobilləri istehsal etmək niyyətindədir.

Həmçinin “Tesla” yeni istehsal xətlərini nəzərdən keçirmədən öncə elektromobil istehsalını 50 faiz artıraraq, 3 milyona çatdırmağı düşünür.

Bir müddət öncə İ.Mask aprelin 21-22-də Hindistana planlaşdırılan səfərini təxirə saldığını bildirmişdi. O, Dehlidə Baş nazir Narendra Modi ilə Hindistanda Starlink rabitə sisteminin işə salınmasının sürətləndirilməsini, ölkəyə 2 milyard dollarlıq sərmayə qoyuluşunu və elektromobillərin birgə istehsalı üçün zavod tikilməsini müzakirə etməli idi.

Qeyd edək ki, 2023-cü ildə İ.Maskın Hindistan hökumətinə göndərdiyi investisiya təklifi ildə 500 min elektromobil istehsal edəcək müəssisənin tikintisini və məhsulların üçüncü ölkələrə ixracını nəzərdə tuturdu.