24 aprel 2024 23:21
237

Qarabağa Böyük Qayıdış

Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Qələbə ölkəmizin hərb tarixinə qızıl hərflərlə yazıldı. Cəsur döyüşçülərimiz xalqımızın tapdalanan qürurunu özünə qaytardı və 30 illik işğala son qoydu. Ölkəmizin ərazi bütövlüyü bərpa olundu, həyat öz axarına düşdü. Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işlərinə başlanıldı. Bu gün xain ermənilərin viran qoyduğu kənd və qəsəbələrimiz, şəhərlərimiz, tarixi-mədəni abidələrimiz yenidən qurulur.

Zəngilanda da çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq bu şəhərdə 13 binadan ibarət kompleks inşa edilir. Bu il Zəngilan sakinləri öz evlərinə köçəcəklər. Digər tərəfdən isə Zəngilanın Cahangirbəyli kəndində hazırda tikinti işləri həyata keçirilir və bura da sakinlərin köçməsi planlaşdırılır. Cəbrayıl rayonunun Xorovlu kəndinə də bu il sakinlər köç edəcəklər. Qubadlının Marhuzlu və Zilanlı kəndlərində də tikinti işlərinə başlanılıb. Bu il həmin ərazilərə köç nəzərdə tutulur.

Azərbaycanın hər yerində olduğu kimi, işğaldan azad olmuş ərazilərdə ilk dəfə Şuşada gələn aydan elektrik avtobuslar istifadəyə veriləcək. Bu avtobuslar Gəncədə belaruslu həmkarlarla birgə işbirliyi ilə istehsal olunur. Artıq 4 belə avtobus əldə olunub, onlar landşaft testindən keçirilib. Gələn aydan Şuşaya keçmiş məcburi köçkünlərin köçü başlayacaq.

Bütün bunlarla yanaşı, azad olunmuş ərazilərdə iş yerlərinin yaradılması da prioritet məsələlərdəndir. Bu istiqamətdə görülən işlər nəticəsində Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı müəssisələr tikilərək istifadəyə verilməkdədir. Belə müəssisələrdən biri də Laçın rayonundakı Həkəri Balıq Təsərrüfatı müsəsisəsidir. İşğaldan azad edilmiş ərazilərdə ilk nərəyetişdirmə təsərrüfatı olan Həkəri Balıq Təsərrüfatı müəssisəsində il ərzində 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel yetişdiriləcək. Bunun üçün müəssisədə hər birinin uzunluğu 40, eni 3 metr olan açıq tipli 36 beton kanal yaradılıb. Ana balıq kürünün formalaşmasından sonra cinslər üzrə məhsul əldə edilməsi üçün mövsümə uyğun olaraq martdan mayadək nohurlarda, bütün ilboyu isə şirin suyu olan qapalı su təchizatı qurğusunda saxlanılır. Balıqların cinsi təyin edildikdən sonra isə damazlıq sürü müəyyənləşdirilir. Sonrakı mərhələdə balıqların genetik pasportlaşdırılması və çipləşdirilməsi həyata keçirilir.

Hazırda Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda ən müasir tələblər səviyyəsində və milli arxitektura qaydalarına uyğun olaraq yeni yaşayış sahələri inşa olunur. Dəmir və quru yol infrastrukturu yenidən qurulur. Qısa zaman kəsiyində Fizuli və Zəngilan rayonlarında beynəlxalq aeroportlar istifadəyə verilib. Daha bir hava limanının tikintisi Laçın şəhərində davam etdirilir. Laçın şəhər mərkəzi də yenidən qurulub. Artıq bu şəhər sakinlərini qəbul edib və burada həyat öz axarına düşür.

Ölkəmizin musiqi beşiyi sayılan Şuşa şəhəri də yenidən qurulub. Buradakı tarixi abidələr, milli mədəniyyət nümunələri bərpa olunub və hazırda da işlər davam edir. Şəhər, həmçinin bir sıra beynəlxalq tədbirlərə, musiqi festivallarına ev sahiliyi edib. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı dövlət qurumları ciddi məşğuldur və gedənə qədər onlar üçün treninqlər keçirilir, həmçinin yerlərdə yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır və yaradılacaq. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb. Bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək.

Bütün bu infrastruktur layihələri imkan verir ki, bu il daha böyük sayda keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qaytarılsın. Onların bu il qaytarılacaqları şəhərlər arasında Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı olacaq. 2026-cı ilin sonunadək isə 40 minə yaxın keçmiş məcburi köçkün mərhələli şəkildə Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarına qayıdacaq. Ümumilikdə isə dövlətin hədəfi o zamanadək 140 min keçmiş məcburi köçkünü Qarabağ və Şərqi Zəngəzurda öz dədə-baba torpaqlarına qaytarmaqdır. Bütün bunları Azərbaycan öz daxili imkanları hesabına edir. Heç bir donor təşkilatı, heç bir digər tərəf bizə kömək göstərmir. Ancaq Özbəkistan və Qazaxıstan Füzulidə iki məktəbin tikintisi ilə bağlı bizə qardaş dəstəyi göstərib. Qırğızıstan tərəfindən isə Ağdamda məktəb binası inşa ediləcək. Bütün qalan layihələr daxili imkanlar hesabına reallaşdırılır.

Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan qarşıya qoyduğu hədəfləri uğurla yerinə yetirir, bu yolda inamla irəliləyir. Perspektivdə isə Böyük Qayıdış layihəsi çərçivəsində azad olunmuş ərazilərimiz dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.

Cavid Əkbər, “İki sahil”