24 aprel 2024 22:57
295

Kərimov Əlinin siyasi kələkbazlığı

AXCP sədri kimi saxta demokratların - cılız və ucuz siyasi şoumenlərin özlərini “haqq-ədalət keşikçisi” kimi göstərmələri isə absurd və gülüncdür

Radikal müxalifətin əsas funksionerlərindən olan AXCP sədri Əli Kərimli ictimaiyyətdə özü barədə saxta “demokratiya təəssübkeşi” obrazı yaratmaq üçün gecə-gündüz tər töksə də heç nəyə nail ola bilmir.  Bu siyasi kələkbaz uzun illərdən bəri xaricdəki anti-Azərbaycan dairələrdən aldığı qrantların müqabilində onlardan ölkəmizin əleyhinə apardığı “qara piar” kampaniyasını gücləndirmək üçün ən iyrənc vasitələrdən istifadə edir. AXCP sədrinin son zamanlar “siyasi məhbus”, “sərbəst toplaşmaq azadlığı” məsələləri, xüsusilə də “cəbhəçi” Elnur Həsənlə bağlı manipulyasiyası bunun əyani təsdiqidir.  

Siyasəti sağlam təməllərdən uzaqlaşdırıb çirkli oyunlara alət edən Ə.Kərimli sosial şəbəkələrdəki çıxışlarında həqiqətləri gizlətməyə çalışsa da buna nail ola bilmir, əksinə təmsil olunduğu dağıdıcı düşərgənin paxırını açır, özünü  və “əqidədaşlarını” ifşa edir. Siyasi bioqrafiyası yalanlarla, xəyanətlərlə dolu olan Ə.Kərimli son günlər erməni lobbisi ilə işbirliyində olan xarici təşkilatların direktivlərini yerinə yetirərək yuxarıda qeyd etdiyimiz məsələlər ətrafında yerli-yersiz hay-küy qaldıraraq, şou düzəldərək gündəmdə qalmağa çalışsada heç nəyə nail ola bilmir. İctimai rəyi çaşdırmaq məqsədi güdən yalan və iftiralardan istifadə edən AXCP sədri həmin təşkilatlara donoslar ötürərək ölkəmizin beynəlxalq imicinə xələl gətirmək üçün dəridən-qabıqdan çıxır. Mayası xəyanətlə, satqınlıqla yoğrulmuş bu siyasətbazın əlaltıları, trolları da sosial şəbəkələrdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, ayrı-ayrı şəxslərə şər-böhtan, təhqir yağdırmaqla özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və anti-Azərbaycan dairələrin bir nömrəli qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar. 

Bütün bunların fonunda bütün siyasi kapitalı tükənən, müxalifətçiliyi dağıdıcılıq, pozuculuq, inkarçılıq kimi qavrayan, şəxsi ambisiyalarının və siyasi hirsinin-hikkəsinin əsirinə çevrilən, marginallaşaraq xalqdan uzaq düşən Ə.Kərimli əslindən çoxdan siyasi səhnədən silinib. AXCP sədri bütün bunları özü də yaxşı dərk edir. Cəmiyyətimiz də yaxşı bilir ki, Ə.Kərimli siyasətlə yox, siyasətbazlıqla, “siyasi məhbus” alveri ilə məşğuldur. Ona görə də AXCP sədri kimi saxta demokratların - cılız və ucuz siyasi şoumenlərin özlərini “haqq-ədalət keşikçisi” kimi göstərmələri isə absurd və gülüncdür.

Başda Ə.Kərimli olmaqla radikal müxalifətin başbilənləri də anlamalıdırlar ki, artıq yeni dövrdür, yeni reallıqlar mövcuddur. Bu düşərgədə təmsil olunan marginallar birdəfəlik yadda saxlamalıdırlar ki, Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Bu gün Azərbaycan dövləti öz vətəndaşlarının ali mənafeyini ən yüksək səviyyədə qoruyur, onlara hərtərəfli qayğı göstərir. Təbii ki, cəmiyyətimiz bunu çox yüksək dəyərləndirir. Eyni zamanda siyasi dünyagörüşü nisbətən zəif olan, prosesləri dərindən təhlil edə bilməyən vətəndaşlarımız da təxribatçıların fitnəsinə uymamalıdırlar.  Əslində cəmiyyətimiz bu antimilli ünsürlərin məkrli niyyətini çox yaxşı bilir.

Zahid Rza, “İki sahil”