25 aprel 2024 22:14
255

Analar nələrə diqqət yetirməlidir?

Psixoloq: Ananın işləməsi və ya işləməməsi deyil, uşağa ayrılan zamanın keyfiyyətli olması daha önəmlidir

Həm iş karyerasını uğurla həyata keçirmək, həm də ana kimi övladının inkişafı, təlim-tərbiyəsi ilə məşğul olmaq o qədər də asan deyil. Əgər ana çalışırsa və vaxtının müəyyən bir hissəsini işdə, qalan qismini isə ailədə keçirirsə bu zaman uşaqlarda hansı davranışları müşahidə etmək olar?  Bəs sizin iş həyatınızın övladınızın davranış və rəftarına, sizinlə münasibətlərinə mənfi təsir etməməsi üçün  nələrə diqqət etməlisiniz?

Sosioloq Lalə Mehralı mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında söylədi ki, işləyən anaların ən böyük narahatlığı övladını əmanət edə biləcəyi yaxşı bir dayə, ya da etibarlı bağça tapa bilməkdir. Optimist, nikbin və şəxsi həyatında problem olmayan tərbiyəçi və dayələrin tərbiyə etdiyi uşaqlar da anası ilə vaxt keçirən uşaqlar kimi ola bilər. Amma bu, onlara anasının yoxluğunu unutdurmur, əksinə uşaqlığını dayə ilə keçirən uşaqlarda böyük bir anasızlıq, çatışmazlıq və sevgiyə aclıq problemi yaranır.

Həmsöhbətimizin sözlərinə görə, indi orta statistik bir vətəndaş üçün maddi problem olmadan, rahat həyat yaşamaq hardasa mümkün deyil. Ailənin yalnız bir üzvünün işləməsi bütün ailənin maddi təminatına yetmir, qadın da ailəsi üçün əlini daşın altına qoymalı olur. Amma ailədəki azyaşlı körpəni əmanət etməyə kimsəsi olmadığı üçün bəzən bu mümkün olmur, bəzən də dayə, bağça alternativləri ilə vəziyyətdən çıxmaq olur. 

Sosioloq diqqətə çatdırdı ki, işləyərək uşaqlarını böyüdən analar uşaqlarını erkən yaşda dayəyə əmanət etmənin həyatlarında ən çətin qərarlardan biri olduğunu deyirlər. Bəzi analar məcburiyyətdən, bəziləri könüllü olaraq övladını dayəyə etibar edir. Amma bütün hallarda lazımdır ki, uşağın ən azı 3 yaşına qədər ona tərbiyəni valideyn versin. Bu, həm uşağın psixologiyası, həm özünə güvəni, həm də əhval-ruhiyyəsi üçün vacibdir. Körpələr qidalanma, çimdirilmə, geyinmə və təmizliyi ilə bağlı vacib anlarda analarını yanında görmək istəyir. Onların ilk 3 ildə ana qayğısına daha çox ehtiyacı var. Sosiallaşmaya ilk addım ana ilə olmalıdır. Yad insanla sosiallaşma cəhdləri həmişə uğurlu olmur, ana övladını ətraf aləmlə tanış etdikdə uşaq daha cəsarətli olur, sosiallaşma meyli daha qüvvətli olur.

 “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva “İki sahil”ə açıqlamasında bildirdi ki, ailədə övladlar üçün valideyn tərbiyəsi önəmlidir, amma bu ananın birdəfəlik iş həyatına son qoyması üçün başlıca səbəbdir ya yox bu artıq bir ayrı müzakirə mövzusudur.Dünyada olduğu kimi, ölkəmizdə də son illərdə çalışan ailəli xanımların sayında artım müşahidə olunmaqdadır. Amma xüsusilə azyaşlı uşağı olan analar bu məsələyə həssas yanaşmalı və hər bir incəliyi nəzərə almalıdırlar. İlk öncə onu qeyd etməliyəm ki, burada hər hansı bir yaş tələbi yoxdur, lakin bir qayda olaraq, 0-3 yaş arası dövrdə uşağın anaya daha çox ehtiyacı olur. Amma bəzən maddi, bəzən də sosial və digər səbəblərdən analar daha erkən zamandan işlərinə dönə bilirlər.

Həmsöhbətimiz vurğuladı ki, övladları üçün daha yaxşı şərait yaratmaq məqsədilə çalışan ata və analar bəzən özləri də bilmədən övladları ilə aralarında böyük məsafə yaradır, onların psixoloji inkişafına təsir göstərirlər. Gündəlik müşahidələrimiz göstərir ki, hər iki valideynləri çalışan uşaqlar ya dayələrlə, ya da nənə-baba və ya digər qohumları ilə günlərinin əksər vaxtlarını keçirirlər. Hər iki valideynin işləməsi, günün çox hissəsini uşaqlarla bərabər olmaması valideyn-övlad münasibətlərində müəyyən qədər məsafə yaradır. Övlad ata-anadan istədiyi qayğını görməyəndə eqoistləşir. Bundan əlavə işdən sonra yorğunluğuna görə  övladlarına zaman ayırmamaları, onların isti münasibətlərini hiss etməmələri nəticəsində həmin uşaqlarda özgüvən yetərsizliyi, özünəqapanma, aqressiya halları formalaşır və bəzi uşaqlarda bu kimi hallar böyüsələr də travma kimi qalır. Anaların işləməsi onların övladlarının sosiallaşmasına təsiri tək səbəb deyil. Bu gün heç bir yerdə işləməyən, bütün gününü övladları ilə keçirən yetərincə analar vardır ki, həmin övladlarda sosiallaşmasında ciddi problemlər olur. Əslində daha çox qayğı görən uşaqlarda da ərköyünlük deyilən bir cəhət formalaşır. Hər zaman valideyn nəzarətində olan, onların aşırı diqqət qayğısını hiss edən uşaqlar həyata atılanda daha passiv olurlar, müstəqil hərəkət edə bilmirlər. Odur ki, ananın işləməsi və ya işləməməsi deyil, uşağa  ayrılan  zamanın keyfiyyətli olması daha önəmlidir. Bu ananın övladına qarşı münasibətindən, qayğısından asılı olan bir məqamdır. Psixoloq kimi, ailədə hər iki valideynin işləməsini istəyən cütlüklərə, xüsusilə analara öz uşaqları ilə münasibətlərini sağlam qoruyub saxlamaq barədə bəzi tövsiyələr vermək istərdim.

Təranə Paşayeva azyaşlı uşaqların analarına tövsiyə edir ki, evdə olduğunuz zaman, işdən sonra bir neçə saat uşağınıza diqqət ayırın və vaxtınızı onunla keçirin. Özünüzü həddən artıq məşğul göstərərək evdən kənarda vaxt keçirməyə çalışmayın. Uşağınız üçün onun özünü sağlam, təhlükəsiz hiss edəcəyi və onu inkişaf etdirəcək keyfiyyətli uşaq qayğısı həyata keçirən müəssisə tapın. Evlə iş arasında dəqiq sərhəd yaradın və işdə olan problemləri evdə övladlarınıza əks etdirməyin. Hər zaman övladınızı sevdiyinizi, onun işləsəniz belə yanında olduğunu nümayiş etdirin. Həftəsonlarını gəzintilər təşkil edərək zamanınızı onunla birlikdə  keçirin.

Psixoloq İlhamə Musaqızı  mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ananın işləməsi uşağa yalnız o zaman mənfi təsir etməz ki, ana qeyri-iş saatında, istirahət günlərində övladı ilə vaxtını səmərəli keçirsin.Əgər uşaq evdə nənə ilə və ya uşaq baxıcısı ilə birgə olursa, onların da bu zamanı necə dəyərləndirmələri önəmlidir. Uşaq körpəlikdən hər şeyi təqlid etməyə başlayır. Təqlid görmədiyi zaman bunu öyrənə bilməz. Buna görə də sıfır ekran, əvəzində isə uşaqlarla bol ünsiyyət mütləqdir. Əgər hər bir hərəkəti sözə çevirsək, uşaq çox anlayışlar öyrənə bilər. Və ən əsası “Bağçaya qoymayım uşağım xəstələnər” kimi düşüncələr valideynlərin ən böyük səhvidir.

Psixoloqun sözlərinə görə, qadının tək yaşaması kimi, cismən yanında amma əslində var olmayan həyat yoldaşı da stress yaşada bilər və bu da təbii ki övlada keçir. Çünki bir ana xoşbəxt deyilsə, övladı və ətrafında olan heç kimə də müsbət təsir göstərə bilməz. Ona görə biri - birinizdə gələcək görmürsünüzsə, valideyn olmağa tələsməyin. Bir neçə uşaqd dünyaya gətirmək önəmli deyil. Əgər bu uşaqlara bir gələcək, doğru addımlamağı aşılaya bilmiriksə...

Yaqut Ağaşahqızı, “İki sahil”