30 aprel 2024 11:32
216

Serbiya Aİ-ni BRİCS-ə dəyişməyəcək

Serbiya prezidenti Aleksandar Vuçiç bəyan edib ki, Serbiya Avropa yolunu BRİCS-ə üzvlüyə görə dəyişməyəcək

Bu barədə “İki sahil” "Kommersant"a istinadla xəbər verir.

Serbiya prezidenti Aleksandar Vuçiç ölkəsinin Avropa İttifaqına (Aİ) daxil olmaq istəyinin davam etdiyini bildirib. O, Serbiyanın BRİCS-ə qoşulmaq barədəki fikirləri rədd edib.

Jurnalistlər A. Vuçiçdən Amerika Sahibkarlıq İnstitutunun eksperti İvana Stradnerin onun adıçəkilən qrupa üzvlük üçün Avropa İttifaqına doğru yoldan dönmək arzusunda olması barədə bəyanatını şərh etməyi xahiş etdikdə Serbiya prezidenti belə şərhçilərin "anormal" olduğunu və "hamısının müalicəyə ehtiyacı olduğunu" söyləyib.

“O mənim nə düşündüyümü haradan bilir? Bəlkə mənə çip qoyublar və indi fikirlərimi oxumaqla məşğuldurlar ki,  nə xəyal edirəm, nə arzulayıram? Hamısı birdən dəli olublar?... BRİKS-ə böyük hörmətim var, amma Serbiya Avropa yolundadır və bu yolda da qalacaq".

O bildirib ki, Serbiya Avropa yolunda bəzilərini əsəbiləşdirmək üçün qalacaq.

Qeyd edək ki, Serbiya 2012-ci ildən Aİ-də namizəd statusuna malikdir. 2023-cü ilin dekabrında koalisiyasının parlament seçkilərindəki qələbəsindən sonra cənab Vuçiç Serbiyanın Avropaya yolunu davam etdirəcəyinə söz verdi.

2024-cü ilin aprelində o, Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb. Makron Serbiyanı xarici siyasət qərarlarını Aİ ilə daha sıx əlaqələndirməyə çağırıb.