17 yanvar 2018 20:39
1123

SOCAR istiqrazına pul qoyanlara faiz ödənilib

İstiqraz sahiblərinin qazancı 6,25 milyon dollara çatıb

SOCAR daxili bazar üçün buraxdığı istiqrazlar üzrə növbəti faiz ödənişini həyata keçirib.

“SOCAR Capital” şirkətindən verilən məlumata görə, yanvarın 17-də SOCAR istiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait ödənilib. Faiz ödənişi artıq istiqraz sahiblərinin hesablarına köçürülüb və bu barədə investorlara SMS məlumat da göndərilib.

Bu, Azərbaycanda ən çox alınıb-satılan qiymətli kağız olan SOCAR istiqrazları sahiblərinin 2018-ci ildə ilk qazancı olub. SOCAR-ın daxili bazar üçün nəzərdə tutulmuş istiqrazları 2016-cı ilin oktyabr ayında dövriyyəyə buraxılıb. Nominal qiyməti 1000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi 5 faiz və ya hər istiqraza görə ildə 50 dollardır. İstiqrazlar üzrə faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.

SOCAR istiqrazları üzrə faizlərin ödənilməsinə 2017-ci ilin yanvarından başlanıb. Ötən il ərzində 4 dəfə baş tutan faiz ödənişləri ilə istiqraz sahibləri bu qiymətli kağızlardan 5 milyon dollar gəlir götürüblər. Bununla da SOCAR istiqrazları ötən il sahiblərinə ən böyük dollar gəliri qazandıran qiymətli kağız olub.

Bu gün isə istiqraz sahiblərinə sayca 5-ci faiz ödənişi həyata keçirilib. SOCAR istiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və yüksək likvidliyidir. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı enmir və onları dərhal nağd pula çevirmək mümkündür.

Bir qədər əvvəl start verilən REPO əməliyyatları isə SOCAR istiqrazı sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq, ən aşağı faizlə (illik 3,5 faiz) kredit götürməyə imkan verib.

Bu xüsusiyyətlərinə və yüksək gəlirliliyinə görə, əhali və hüquqi şəxslər istiqrazlara böyük maraq göstərirlər. Bununla da, SOCAR istiqrazları Azərbaycanın kütləvi olaraq alınıb-satılan ilk qiymətli kağızına çevrilib.

Ölkə vətəndaşları, eləcə də, yerli və xarici fiziki, hüquqi şəxslər SOCAR istiqrazlarını təkrar bazardan əldə edə bilərlər. Bunun üçün onlar “ASAN xidmət”in 1 və 5 saylı mərkəzlərinə, eləcə də, *19 99 qaynar xəttə müraciət etməlidirlər.