02 may 2024 15:15
622

Saxta makiyaj vasitələrinin fəsadları - KOSMETOLOQ MƏSLƏHƏTİ

Ucuz  makiyaj vasitələrinin, eləcə də üz baxım məhsullarının  üz dərimizə ziyanları nədir?  Zamanla hansı  fəsadlarını görmək olar?

Ən böyük orqanımız - dəridir. Və təəssüf ki ən tez qocalan da odur. Ucuz makiyaj vasitələri üzdə bir çox dəri xəstəliklərini - ekzema, kontakt dermatit, follikulit, furunkul, üz göbələyi, keratoz və başqa xəstəliklər yarada bilər. Makiyaj vasitələrin kimyəvi tərkibi - sintetik antioksidant və vitaminlərin olması və ya mənşəyinin bilinməməsi, kimyəvi aromatizatorın və süni rəngləndiricilərin verdiyi zərər, düzgün saxlama şəraitinin olmaması yuxarıda sadaladığımız xəstəliklərə gətirib çıxara bilər.

Bu fikirləri "İki sahil"ə açıqlamasında Laser Beauty Klinikasının Baş həkim-kosmetoloqu Nigar Rüfət bildirdi.

Onun sözlərinə görə, saxta makiyaj vasitələrini istifadə etdiyimiz zaman ilk öncə dəridə qızartılar və göynəmələr əmələ gələ bilər və ya bu göstəricilər olmadan belə, tədricən xroniki dəri xəstəliklərinə səbəb ola bilər.  Saxta məhsulları günümüzdə baha qiymətə sosial şəbəkələrdə də insanlara original adıyla satırlar. Bəzən məşhur simaların reklam etdiyi məhsulların və ya evdə düzəldilən kosmetik baxım məhsullarının mənşəyi belə naməlum olduğu üçün böyük problemlərə yol aça bilir.  

Məhsulların saxta və ya orginal olduğunu bilmək üçün mütləq peşəkarlara müraciət edin, təcrübəli mütəxəssis sizə bitki mənşəli inqrediyentlərə əsaslanan və sağlamlığınızın fərdi xüsusiyyətlərini, dəri tipinizi və estetik üstünlüklərini nəzərə alaraq dəriyə qulluq və dekorativ kosmetika seçməyə kömək edəcək.

Yaqut Ağaşahqızı, "İki sahil"