04 may 2024 15:10
252

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq etməyə qərar verib və bəzi hallarda bu qaydadan istisnaları nəzərdə tutub.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı Rusiya Federasiyası Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.

“Rusiyada qamış və ya çuğundur şəkəri və kimyəvi cəhətdən təmiz saxaroza ixracına müvəqqəti qadağa tətbiq edilir. Bu barədə qərar imzalanıb”, – deyə məlumatda deyilir.

Qeyd edilir ki, məhdudiyyət 2024-cü il avqustun 31-dək qüvvədə olacaq. Bu qərar daxili ərzaq bazarının sabitliyinin qorunub saxlanmasına yönəldilib. Qərar, həmçinin Avrasiya İqtisadi İttifaqı ölkələrinə aid olan bəzi istisnaları da nəzərdə tutur, onlar üçün tədarüklər müəyyən həcmdə əlçatan olacaq.

Rusiya Statistika Komitəsinin son məlumatlarına görə, dekabrın sonundan aprelin 22-dək şəkər tozunun ümumi qiymət artımı 3,6 faiz təşkil edib, bu da ilin əvvəlindən bəri inflyasiyanın orta səviyyəsindən 2,33 faiz yüksəkdir.