04 may 2024 19:19
321

Nazir: Neftin qiyməti büdcədə nəzərdə tutulandan bahadır

Azərbaycanın maliyyə naziri Samir Şərifov büdcədə nəzərdə tutulan neftin qiymətinin artırılmasının mümkünlüyündən danışıb.

“İki sahil” xəbər verir ki, Asiya İnkişaf Bankının (AİB) Tbilisidə keçirilən illik toplantısı çərçivəsində bu ilin birinci rübündə Azərbaycan neftinin qiymətinin 60 dollardan yuxarı olması fonunda büdcədə neftin qiymətinin artırılmasının mümkünlüyü ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, heç nəyi istisna etmək olmaz.

"Bir qayda olaraq, təxminən ilin ortalarında biz ötən dövrün, yəni dörd ayın nəticələrini nəzərdən keçiririk. Nəticələr pis deyil. Ümumi daxili məhsulun artımı qeyri-neft sektorunda kifayət qədər yüksəkdir. Müvafiq olaraq, neft sektorundan həm vergi daxilolmalarından, həm də gömrük daxilolmalarından yaxşı əlavə gəlirlər var", - deyə o bildirib.

S.Şərifov vurğulayıb ki, neftin qiyməti büdcədə nəzərdə tutulandan bahadır:

"Müvafiq olaraq, neft sektorundan əlavə gəlirlər də nəzərə alınacaq. Neftdən əlavə, qazdan da gəlirimiz var. Qaz sektorunda beynəlxalq bazarlarda qiymətlər çox dəyişkəndir. Yəni çox yüksək qiymətlər olur, sonra da kəskin ucuzlaşır. Son zamanlar qazın müəyyən qiymətləri ucuzlaşmağa başlayıb. Bunu nəzərə alaraq bu gün müəyyən hesablamalar aparılır. Və buna görə də, adət olaraq, əlavə gəlir olanda və bu gəlirləri ölkənin makroiqtisadi sabitliyinə, ortamüddətli, makro-iqtisadi sabitliyə, ölkənin makrofiskal dayanıqlığına xələl gətirmədən həyata keçirilməsi lazım olan layihələrə sərf etmək mümkün olarsa, bu halda müvafiq qərarlar qəbul edilir. Hesab edirəm ki, bu dəfə yəqin ki, lazımi səviyyədə belə bir qərar veriləcək".