06 may 2024 18:10
551

Günəş kremi seçimi: Nəyi düzgün etmirik?

Yay ayları yaxınlaşdıqca günəş kremindən istifadə məsələsi aktuallaşır. Mütəxəssis deyir ki, dəri tipinizə uyğun günəş kremi seçmək vacibdir. Dr. Vildan Yazıcı günəş kremi seçərkən nəzərə alınmalı olan məqamları və düzgün istifadə qaydalarını açıqlayıb.

“İki sahil” “CNN-Türk”ə istinadla xəbər verir ki, Dermatologiya Mütəxəssisi Dr. Vildan Yazıcının sözlərinə görə, SPF (Günəşdən Qoruma Faktoru) seçərkən diqqətli olmaq lazımdır. Dərinin tipi, günəşə məruz qalma müddəti, günəşin intensivliyi və coğrafiya SPF dəyərinin müəyyən edilməsində mühüm rol oynayır. Xüsusilə açıq və həssas dərisi olanlar yüksək SPF dəyəri olan günəşdən qoruyucuları seçməlidirlər. 30 SPF ilə və mümkünsə suya davamlı günəşdən qoruyucu kremlər seçmək daha əhəmiyyətlidir.

Dəri tipinizə uyğun günəş kremi seçməyə diqqət edin

Günəşdən qoruyucu vasitələrdən istifadə mövzusunda şüurlu olmaq dəri sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Yazıcı bildirib ki, dəri tipinizə uyğun günəş kremi seçmək mühüm bir məqamdır. Yağlı dərilər üçün yumşaq şəkildə hazırlanmış, su əsaslı günəş kremlərinə üstünlük verilməli, quru dərilər üçün isə nəmləndirici xüsusiyyətlərə malik günəşdən qoruyucu vasitələrdən istifadə edilməlidir.

Sadəcə bir dəfə tətbiq etmək kifayət deyil

Günəş kreminin təsirini artırmaq üçün düzgün istifadə üsullarının bilmək olduqca əhəmiyyətlidir. Mütəxəssis qeyd edib ki, Günəşə çıxmadan ən az yarım saat əvvəl kremin dəriyə çəkilməsi, hər 2 saatdan bir təkrar tətbiq edilməsi, təmas etdikdən sonra təkrarlanması çox vacibdir. Su ilə təmasdan sonra üz və bədən üçün ayrıca məhsullar istifadə edilməlidir. Bundan əlavə, günəş kreminin istifadəsi ilə yanaşı digər qoruyucu tədbirlər də görülməlidir. Şlyapa və eynəkdən istifadə etmək, kölgəli yerlərdə qalmaq kimi ehtiyat tədbirlərinə əməl etməklə günəşin zərərli təsirlərindən qorunmaq mümkündür.

Bütün il boyu istifadə olunmalıdır

Günəşdən qoruyucu vasitələrdən yalnız yay aylarında deyil, dörd fəsildə istifadə etmək lazım  olduğunu ifadə edən Dr. Vildan Yazıcı vurğulayıb ki,  Günəşdən qoruyucu kremlərin yalnız yay aylarında deyil, il boyu nizamlı istifadə edilməsində fayda var. Günəş şüaları hətta qış aylarında dəridə ləkə və qızartı kimi mənfi təsirlərə səbəb ola bilər. Bu səbəblə günəşdən qoruyucu kremlər gündüz dəriyə qulluq rutininin son mərhələsi olaraq istifadə edilməlidir.

Nigar Orucova, “İki sahil”