07 may 2024 00:45
558

Cəmi 10 dəqiqəyə şarj edilən elektrik avtomobili

“Polestar” şirkəti Model 5 prototipində ultra sürətli enerji doldurma texnologiyasını nümayiş etdirib: elektromobilin akkumulyatoru cəmi 10 dəqiqə ərzində 10%-dən 80%-ə qədər doldurulub. İddia olunur ki, bu, laboratoriyada deyil, real avtomobildə ilk belə təcrübədir.

Prototip İsrailin “StoreDot” şirkəti tərəfindən hazırlanmış “Extreme Fast Charging” (XFC) texnologiyasından istifadə etməklə qurulmuş 77 kilovatlıq akkumulyatorla təchiz edilib. Akkumulyator anodda qrafit əvəzinə silikonun geniş istifadəsi ilə seçilir. Tərtibatçıların fikrincə, bu, enerji saxlama sıxlığını və batareyanın ömrünü artırır.

“Polestar”ın ictimai testi təkcə texnologiyanın funksionallığını göstərməli idi. Şirkət aydın şəkildə sübut etdi ki, ən son akkumulyatorlar hazırkı elektromobillərin dizaynına inteqrasiyaya hazırdır və mövcud enerji doldurma infrastrukturu ilə qarşılıqlı əlaqə qura bilir. Bununla belə, bu cür sürətli şarj üçün ən azı 350 kVt gücündə bir doldurma stansiyası tələb olunur.

“Polestar”nümayişi Çinin “CATL” şirkətinin elanı ilə demək olar ki, eyni vaxtda baş tutub. Bu şirkət də yeni batareya təqdim edib. “Shenxing Plus” litium-dəmir fosfat batareyası tərtibatçıların fikrincə, saniyədə bir kilometr sürətlə enerji ehtiyatlarını doldurmağa qadirdir. 600 km hərəkət üçün enerji toplamağa cəmi 10 dəqiqə vaxt lazımdır. “CATL”ın hesablamalarına görə, “Shenxing Plus” batareyasının istehsal olunan elektromobillərdə istifadəsi onlara 1000 km güc ehtiyatına nail olmağa imkan verəcək.

Nubar Süleymanova, “İki sahil”