16 yanvar 2018 00:46
1225

Bu il sənayenin inkişafı hansı hadisələrlə əlamətdar olacaq?

Regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm tədbirlərdən biri də respublikada investisiya mühitinin yaxşılaşdırılması, bölgələrə sərmayə qoyuluşlarının təşviq edilməsidir. Son 14 ildə bu sahədə həyata keçirilən tədbirlər regionlara yerli və xarici investisiya yatırımlarının sürətlənməsinə ciddi təkan verir. İstər ümumi iqtisadi, istərsə də sənaye, kənd təsərrüfatı, sosial və s. sahələrə dair göstəricilərin dinamik formada dəyişməsi investisiya qoyuluşunun artmasını təsdiqləməklə yanaşı, ölkəmizin iqtisadi qüdrətini və inkişafını xarakterizə edir. Son vaxtlar Azərbaycanda sənaye müəssisələrinin yaradılmasına, infrastruktur layihələrinin icrasına mühüm önəm verilir. Şübhəsiz ki, bu, Azərbaycanda yerli istehsalın genişlənməsi, idxalı əvəzləyən istehsalın yaradılması ilə bağlıdır.

Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı nitqində bu məsələni xüsusi vurğulayaraq bildirib ki, 2018-ci il də sənayenin inkişafı ilə bağlı əlamətdar il olacaq. Dövlət başçısı tərəfindən son 14 ildə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri ölkənin sənayeləşdirilməsidir. Son dövrlər ölkədə açılan yeni müəssisələrin xarakteristikasına baxdıqda görürük ki, belə müəssisələrdə üstünlük sənaye istehsalına verilir.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, sənaye parklarının yaradılması istiqamətində praktiki addımlar atılır: “Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı bu il gözlənilir. Sumqayıt Kimya Sənaye Parkında isə işlər çox uğurla gedir. Keçən ilin sonunda dörd yeni müəssisənin açılışı oldu və üç müəssisənin təməli qoyuldu. Əminəm ki, onların istifadəyə verilməsi bu il, ya da ki, gələn ilin əvvəllərində nəzərdə tutulacaq. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 15-ə çatıb və qoyulan, qoyulacaq sərmayənin həcmi 2,7 milyard dollara bərabərdir. Bax, bu təşəbbüs görün nə qədər gözəl nəticə verir. 2,7 milyard dollar sərmayə qoyuluşu böyük rəqəmdir. Halbuki Sumqayıt Kimya Sənaye Parkının ərazisində hələ iki-üç il bundan əvvəl dağılmış binalar, çürümüş borular, infrastruktur - hamısı bərbad vəziyyətdə idi. Dövlət bu yükü öz üzərinə götürdü, vəsait ayırdı və bütün lazım olan infrastrukturu yaratdı. Digər sənaye parklarımızda da bu işi dövlət öz üzərinə götürür və götürməlidir.”

Dünya təcrübəsindən də görünür ki, hər bir regionun və ölkənin texnoparklar barədə özünəməxsus planları var. 15 rezidenti və 5700 nəfər işçisi olan Sumqayıt Kimya Sənaye Parkında hazırda ixtisaslı kadrların hazırlanması üçün müasir tipli peşə tədris mərkəzi, 5 rezident tərəfindən müxtəlif məhsullar, o cümlədən polipropilen, yüksək sıxlıqlı polietilen tikinti materialları üçün qatqı, ferroərintilər, yüksək təzyiqə davamlı birləşdiricilər və kənd təsərrüfatında ziyanvericilərə qarşı pesdisidlər istehsal ediləcək müəssisələrin tikintisi davam etdirilir. 4 rezident isə yeni istehsal sahələrinin yaradılması üçün layihələndirmə işlərinə başlamışdır. “Baku Steel Company” və İtaliyanın “Danieli” şirkətləri arasında dəyəri 1,2 milyard avro olan müqaviləyə əsasən “Azərboru” ASC-nin ərazisində tikiləcək 5 müəssisədən ibarət metallurgiya kompleksinin təməlinin qoyulmasına hazırlıq işləri aparılır. Yuxarıda qeyd olunan müəssisələrin tikintisinə təqribən 2,3 milyard ABŞ dolları həcmində investisiya qoyulacaq. Burada 2 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. İstehsal olunacaq məhsullar bu gün respublikamıza bütünlüklə xaricdən idxal olunur. Sənaye parkında istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixrac ediləcək.

Ötən ilin dekabrında ölkə Prezidenti İlham Əliyev Sumqayıta növbəti səfəri çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış oldu. Prezident İlham Əliyev parkın ərazisində “AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq fabrikinin təməlinin qoyulmasında, “Aqrokimya”Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin pestisidlər zavodunun birinci mərhələsinin və “STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin layihəsi olan məmulatların emalı, qeydə alınması və ötürülməsi mərkəzinin açılışında iştirak etdi. Kimya Sənaye Parkında şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev şəhərin inkişafına bundan sonra da dəstək veriləcəyini bəyan etdi: “Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir. Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda Kimya Sənaye Parkında 8 mindən çox insan işləyir - həm tikintidə, həm də müəssisələrin idarə olunmasında. Gələcəkdə bu rəqəm daha da artacaq. Deməli, Sumqayıtda işsizliklə bağlı bütün məsələlər öz həllini tapacaq. Biz gələcəkdə də Sumqayıtın hərtərəfli inkişafı üçün öz dəstəyimizi verəcəyik.”

 “Keçən il Neftçala Sənaye Məhəlləsi istifadəyə verilib. Hacıqabul, Masallı və Sabirabad sənaye məhəllələrinin yaradılması prosesi davam etdirilir.” Prezident İlham Əliyevin bu fikri bir daha təsdiq edir ki, ölkəmizdə sənaye parkları ilə yanaşı, sənaye məhəllələrinin yaradılması istiqamətində də müəyyən işlər görülür. Məqsəd isə sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əhalinin istehsal və xidmət sahələrində məşğulluğunun artırılmasıdır.

Sənaye sahələrinin inkişafı istiqamətində atılan addımlar, sənaye parklarının, məhəllələrinin yaradılması ilə bərabər, aqroparkların yaradılması kompleks şəkildə gələcək üçün planlaşdırılmış layihələrdir. Azad sahibkarlığın formalaşması və inkişafına istiqamətləndirilən uzunmüddətli bir prosesdir. Sadalananlardan da aydın görünür ki, regionlarda sənayenin inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yerli ehtiyatlardan səmərəli istifadə etməklə bu sahənin inkişafı baxımından sənaye zonalarının yaradılması mühüm önəm daşıyır.

Orxan Vahidoğlu, “İki sahil”