Təkcə 2017-ci ildə Azərbaycan iqtisadiyyatına 14, 6 milyard dollar sərmayə qoyulub ki, onun da yarıdan çoxu qeyri-neft sektoruna yönəldilib
Azərbaycanın iqtisadi inkişafında xarici investisiyaların cəlbi, qabaqcıl texnologiyaların tətbiqi və müasir idarəetmə təcrübəsindən geniş istifadə önəmli faktordur. Bu reallıq həm də ondan qaynaqlanır ki, ölkəmizdə siyasi və makroiqtisadi sabitlik mövcuddur, investorların hüquqları etibarlı qorunur, əlverişli coğrafi mövqeyə sahibik, zəngin təbii ehtiyatlarımız və yüksək ixtisaslı işçi qüvvəmiz var. Bütün bu önəmli amillər Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib.
Qeyd edək ki, son 10 ildə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 100-dən çox müqavilə imzalanıb. Təkcə 2017- ci ildə ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub ki, onun da yarıdan çoxu qeyri-neft sektoruna yönəldilib.
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizin başçısı bu barədə bildirib ki, biz hesablamalarımıza görə 2018-c ildə təxminən 15 milyard dollar səviyyəsində sərmayə qoyuluşu gözlənilir: “Bu rəqəm arta da bilər və biz çalışmalıyıq ki, bu, artsın. Çünki Azərbaycan bu gün dünya miqyasında sərmayə qoyuluşu üçün çox cəlbedici ölkəyə çevrilibdir. Həm iqtisadi sabitlik, valyuta ehtiyatlarımız, siyasi sabitlik və Azərbaycanda həyata keçirilən önəmli layihələrin kommersiya cəlbediciliyi xarici sərmayənin cəlb edilməsində bizə kömək göstərəcəkdir.”
Bu gün ölkəmizin qeyri-neft sektoruna birbaşa xarici sərmayələr üzrə ən böyük investorlar Türkiyə, ABŞ, Rusiya, Yaponiya, Fransa və İtialiyadan cəlb olunan iş adamlarıdır. Hazırda ölkəmizdə minlərlə xarici investisiyalı müəssisə fəaliyyət göstərir. Xarici şirkətlər, eyni zamanda, Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində fəal iştirak edirlər.
Burada çox əhəmiyyətli bir gerçəkliyi də qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatının davamlı inkişafı və maliyyə imkanlarımızın genişlənməsi Azərbaycan,ı eyni zamanda, investisiya ixracatçısına çevirib. Türkiyə, Gürcüstan, Rusiya, Monteneqro, Serbiya, İsveçrə, Ukrayna, Rumıniya, Belarus, Litva, Estoniya və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiyalar yatırılıb.
Ölkəmizin beynəlxalq arenada formalaşmış müsbət imicinin digər göstəricisi də son dövrlər xarici ölkələrin özəlləşdirmə və investisiya layihələrində Azərbaycanın iştirakına dair dəvətlərin, eləcə də xarici dövlətlər tərəfindən ölkəmizə bu məqsədlə həyata keçirilən səfərlərin sayının artmasıdır.
Digər önəmli məsələ odur ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici ölkələrdə Azərbaycanın investisiya mühitinin tanıdılması, xaricə ixracın təşviqi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib. 2017-ci ildə beyynəlxalq tərəfdaşların iştirakı ilə ölkəmizdə və xaricdə olmaqla, ümumilikdə, 200- ə yaxın biznes forum, sərgi, konfrans və digər işgüzar tədbirlər təşkil edilib.
Hazırda AZPROMO-nun Gürcüstanda nümayəndəliyi, ABŞ, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Rumıniyada təmsilçiləri fəaliyyət göstərir. AZPROMO indiyədək 50-dən çox ölkədə 100- dək xarici tərəfdaşla əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.
Digər çox mühüm fakt odur ki, MDB ölkələri qeyri-neft ixracı üzrə əsas tərəfdaşımızdır. Ölkəmizin qeyri-neft ixracının 45 faizi bu dövlətlərin payına düşür. Ermənistan istisna olmaqla, bütün MDB ölkələri ilə sərbəst ticarət və investisiya sazişləri imzalamışdır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərinin investisiyaları hesabına Azərbaycanda 2700-dək müəssisə yaradılıb. Bu, ölkədə fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin 37 faizinə bərabərdir.
Bütün bunlara rəğmən demək olar ki, Azərbaycan qısa müddət ərzində sərmayə yatırılan ölkədən sərmayə yatıran ölkəyə çevrilib. Bu isə sürətli iqtisadi inkişafımızın daha bir real göstəricisidir.
Elçin Zaman, “İki sahil”