08 may 2024 12:28
219

Naxçıvanda təqribən hər 20 min nəfərə bir vəkil düşür- Anar Bağırov

Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının hesabatına əsasən, Azərbaycanda hər 4 min 500 nəfərə bir vəkil düşürsə, Naxçıvanda təqribən hər 20 min nəfərə bir vəkil düşür.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvanda keçirilən “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfransda deyib.

Vəkillər Kollegiyasının sədri əlavə edib ki, Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etməsindən sonra ilk dəfə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında andiçmə mərasimi keçiriləcək və doqquz namizəd and içərək vəkil vəsiqələrini əldə edəcək.

A.Bağırov bildirib ki, son bir il ərzində Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasında fəaliyyət göstərən vəkillərin sayında 100 faiz artım olub. Naxçıvanda vəkillik fəaliyyətini dayandıran dörd nəfərin fəaliyyəti Muxtar Respublika Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə bərpa edilib, iki vəkil isə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən vəkillik fəaliyyəti göstərmək üçün Naxçıvana göndərilib.