10 may 2024 00:46
540

“Google”a rəqib gəlir?

Populyar çatbot “ChatGPT”nin yaradıcısı “OpenAI” şirkəti istifadəçilərə internetdən fərqli mənbələrə keçidlərlə müşayiət olunan ən son məlumatlardan istifadə edərək sorğulara cavab almağa imkan verəcək axtarış funksiyası hazırlayır.

Tətbiqlə tanış olan “Bloomberg” əməkdaşının sözlərinə görə, funksiya “ChatGPT”yə yazılı cavablarla birlikdə sxematik şəkillər təqdim etməyə imkan verəcək. Belə bir məhsul “Google” şirkətinə və süni intellektdən istifadə edərək axtarış təklif edən “Perplexity” startapına birbaşa rəqib ola bilər.

Xatırladaq ki, “Google” özü də süni intellektin axtarış xidmətinə inteqrasiyası üzərində işləyir və bu həftə “I/O” tədbirində yenilikləri təqdim edəcəyi gözlənilir.

Artıq bir müddətdir ki, sosial mediada “OpenAI”nin axtarış sistemini işə salmağa hazırlaşdığı barədə şayiələr dolaşır.”search.chatgpt.com” internet səhifəsi də qısa müddət ərzində onlayn olaraq meydana çıxıb.

Hazırda “ChatGPT” müəyyən sorğular üçün veb axtarış nəticələrini avtomatik tapa bilir, lakin bu funksiya yalnız ödənişli istifadəçilər üçün əlçatandır. Onu da qeyd edək ki, alət bəzən yanlış məlumat və köhnəlmiş mənbələrə keçid verir.

Nubar Süleymanova, “İki sahil”