10 may 2024 15:43
374

Paytaxtda orta aylıq əməkhaqqı artıb

Bakı şəhərinin cari ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafına yekun vurulub. Aşağıdakı icmalda nəticələr öz əksini tapıb.

Sənayenin inkişafı haqqında

2024-cü ilin yanvar-mart aylarında sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi 13,1 milyard manat təşkil edib. Sənaye məhsulunun 76,3 faizi mədənçıxarma, 20,6  faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,2 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10 faiz təşkil edir. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 aprel  2024-cü il vəziyyətinə 521,8 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 43,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Tikintinin əsas göstəriciləri

Bu dövrdə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 81,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,9 faizini əsaslı təmir, 5,1 faizini cari təmir, 5,8 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Məhsul bazarı

Cari ilin I rübündə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 7834,2 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz azalaraq 4553,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 12,9 faiz artaraq  3281,1 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə 50,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

İctimai iaşə

Həmin dövrdə ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,4 faiz artaraq 317,6 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 187 milyon manat olub. Bu da ümumi dövriyyənin 58,9 faizini təşkil edib.

Ödənişli xidmətlər

Bu ilin I rübündə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri  2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,0 faiz artaraq 1783,3 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 1562,9 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 87,6 faizini təşkil etmişdir.

Əməkhaqqı

2024-cü ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 9,6 faiz artaraq 1187,5 manat təşkil edib.     

Bakı Şəhər Statistika İdarəsi