13 may 2024 19:10
639

Qulağınız cingildəyir? – SƏBƏBLƏRİ

Qulaq cingildəyəndə "kimsə məndən danışır" deyirik. Bəs qulaq cingildəməsi nədir və nədən qaynaqlanır?

Qulaqda olan səslərin tibbi adı tinnitusdur. Şikayət adətən səs-küy, qulaqlarda cingilti kimi xarakterizə olunur. Lakin bağırtı, şıqqıltı, fışıldama və ya uğultu kimi də səslənə bilər. Bu səslər sakit və ya yüksək ola bilər. Bəzən bir və ya hər iki qulaqda müxtəlif səslər eşidilə bilər.

“İki sahil” “CNN-Türk”ə istinadla xəbər verir ki, qulaq-burun-boğaz mütəxəssisi Prof. Dr. Ünal Bayiz bildirib ki, tinnitus əlamətlərinə təsir edən amillər insandan insana dəyişir. Bu narahatlığa ən çox 40 ilə 70 yaş arasında  rast gəlinir. Ümumiyyətlə, siqaret çəkmək, yüksək səslərə məruz qalmaq, kafein qəbul etmək və kifayət qədər yatmamaq qulaq cingiltisini artırır.

Vitamin çatışmazlığı

Mütəxəssis qeyd edib ki, tinnitusun səbəbləri dəqiq izah edilmir. Qalxanabənzər vəzi xəstəlikləri, şəkərli diabet, sink, dəmir və vitamin çatışmazlığı zamanı da tinnitus müşahidə edilə bilər. Ən çox görülən iki səbəb Aspirin istifadəsi və çənə oynaqlarının pozulmasıdır.

Yuxusuzluq, nikotin, kafein...

Prof. Dr. Ünal Bayiz məsləhət görüb ki, qulaq cingildəməsi şikayəti olanlar mütləq qulaq-burun-boğaz və sinir müayinəsindən keçməlidirlər: “Daha sonra eşitmə testi, qulaq və beyin görüntüləməsi, biokimya testləri aparıla bilər. Xəstələrə nikotin, kafein və yüksək səsdən çəkinməyi öyrətmək lazımdır. Siqaret çəkmək qan damarlarının daralmasına və qan dövranının pisləşməsinə səbəb ola bilər. Bu, daxili qulağa qan axınını azaldır və cingiltini artırır. Siqaret çəkmək qulaq və eşitmə sisteminə mənfi təsir göstərə biləcək toksik maddələrin qəbuluna səbəb ola bilər. Qəhvə kimi kofeinli içkilər sinir sistemini stimullaşdıraraq bəzi insanlarda cingilti simptomlarını artıra bilər. Kafein yuxu rejiminə də təsir göstərə bilər və kifayət qədər yuxu tinnitusu xıstıliyini ağırlaşdıran ən böyük amillərdən biridir”.

Nigar Orucova, “İki sahil”