11 yanvar 2018 23:59
965

Neft-qaz sənayemizin qızıl dövrü

“Yeni Əsrin müqaviləsi”nin imzalanması, enerji sektorunda çox böyük önəmi olan “Cənub Qaz Dəhlizi”, o cümlədən TANAP, TAP layihələrinin tikintisinin sürətlənməsi dünyanın ölkəmizə olan böyük etimadının göstəricisidir

Ötən 2017-ci ildə Azərbaycan dövləti bir çox sahələrdə olduğu kimi, neft-qaz sənayesi sahəsində də ciddi uğurlar qazanıb. Bununla da Azərbaycan dövlətinin enerji təhlükəsizliyi nəinki qorunub, hətta Avropanın enerji təhlükəsizliyi üçün önəmli addımlar atılıb. Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında energetika sahəsində əldə edilən qlobal nailiyyətlərdən də geniş bəhs edilib.

Ölkəmizin başçısı iclasda bildirib ki, ötən il energetika sahəsində tarixi hadisələr baş verib: “Onlardan biri “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması məsələsidir. Bu, bizə imkan verəcək ki, bundan sonra uzun illər ərzində - ən azı 2050-ci ilə qədər hasilat səviyyəsi sabit qalsın. Bu, imkan verəcək ki, Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulsun. Burada söhbət on milyardlarla dollardan gedir. Əlbəttə ki, bu investisiyalar iqtisadiyyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərəcək, yeni iş yerlərinin, yeni yerli müəssisələrin yaradılması nəzərdə tutulur. Əlbəttə, neft hasilatının sabit saxlanması imkan verəcək ki, biz öz iqtisadi inkişafımızı planlaşdıraq və tədricən bundan sonra da neftdən asılılığı azaldaq. Son iki il ərzində biz buna demək olar ki, böyük dərəcədə nail olmuşuq.”

Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” müqaviləsinin müddətinin 2050-ci ilədək uzadılması Azərbaycan dövlətinə sərmayədən başqa digər önəmli dividendlər gətirəcək. İlk növbədə, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılmaqla mənfəət neftinin 75 faizi ölkəmizə qalacaq. Bu böyük uğuru Prezident İlham Əliyev belə dəyərləndirib: “Deyə bilərəm ki, bu da gənc, müstəqil ölkə üçün xarici investorlarla neft sahəsində əldə edilmiş ən gözəl nəticədir. Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR layihənin operatoru kimi bu işdə digər tərəfdaşlarla birlikdə iştirak edəcək və kontraktın uzadılmasına görə, baxmayaraq ki, xarici investorlar on milyardlarla dollar sərmayə qoyacaqlar, ondan əlavə 3,6 milyard dollar səkkiz il ərzində bərabər hissələrlə bizə bonus kimi veriləcəkdir. Birinci tranş bizə bu il veriləcəkdir. Bax, belə qısa desəm, “Azəri-Çıraq-Günəşli”nin əsas əhəmiyyəti bundan ibarətdir.”

Azərbaycanın enerji sektorunda çox böyük önəmi olan “Cənub Qaz Dəhlizi” layihəsi istiqamətində də 2017-ci ildə xeyli iş görülüb. Qeyd edək ki, ötən ilin yanvar ayında üçüncü dəfə “Cənub Qaz Dəhlizi” layihəsi üzrə Məşvərət Şurasının toplantısı Azərbaycanda keçirilməklə layihənin icrası üçün təxirəsalınmaz tədbirlər görüldü. Hazırda “Şahdəniz-2” layihəsinin icrası yekunlaşmaq üzrədir.

 Eyni zamanda ölkəmizi Gürcüstanla birləşdirən Cənubi Qafqaz Boru Kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə çatdırılıb. Prezident İlham Əliyev 2017-ci ildə həyata keçirilən bu kimi işləri yüksək qiymətləndirib: “Bu, artıq onu göstərir ki, Cənub Qaz Dəhlizi reallaşıb. TAP layihəsinə gəldikdə isə orada da işlər demək olar ki, qrafik üzrə gedir. Bilirsiniz ki, TAP layihəsində Azərbaycan əsas paya malik deyil. Bizim orada 20 faiz payımız var, amma biz iştirak edirik. Mənə verilən məlumata görə, o layihənin icrası 60-62 faiz səviyyəsindədir.”

Təbii ki, Azərbaycan dövlətinin energetika sahəsində xüsusi yeri olan bu iki önəmli layihə ölkəmizin bundan sonra da uğurlu inkişafına yeni imkanlar yaradacaq.

2017-ci il, eyni zamanda, Azərbaycan dövləti üçün transmilli nəqliyyat dəhlizinin yaradılması kimi tarixə qızıl hərflərlə düşüb. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəinki Azərbaycan, həm də beynəlxalq nəqliyyat sistemi üçün, o cumlədən iki nəhəng qitə olan Asiya və Avropa üçün önəmli hadisə olmuşdur. Böyük qürur hissi ilə demək olar ki, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirməklə bu sahədə də söz sahibinə çevirib. Dövlətimizin rəhbəri bu transmilli nəqliyyat xəttinin istifadəyə verilməsini ölkəmiz üçün böyük tarixi hadisə kimi dəyərləndirib: “Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində üzərinə düşən vəzifələri yüksək səviyyədə icra etmişdir. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz üçün, bölgə üçün, dünya üçün önəmli hadisə olmuşdur. Bu yol Bakıdan başlanır. Təsadüfi deyil ki, təntənəli açılış mərasimi Azərbaycanda keçirilmişdir. Uzunluğu 850 kilometrə yaxın olan dəmir yolunun 504 kilometri Azərbaycan ərazisində tikilib, bərpa edilib. Bilirsiniz ki, Azərbaycan bu yolun icrasında ən böyük maliyyə yükünü öz üzərinə götürmüşdür. Bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcək və artıq çevirir.”

Qeyd edək ki, artıq Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən keçən iki ay ərzində bir çox ölkələr Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında ölkəmizin müvfiq qurumlarına müraciətlər ediblər. Bu isə sözügedən dəmir yolunun beynəlxalq əhəmiyyətini daha da artırmağa imkan verəcək. Eyni zamanda, Azərbacan dövlətinin iqtisadi qazancının artması ilə bəraəbər  geosiyasi mövqeyi də güclənəcək. Prezident İlham Əliyev iclasdakı çıxışında bu məsələyə toxunaraq bildirib: “Artıq bir neçə həmkarımla bu məsələni mən şəxsən müzakirə etmişəm. İndi müvafiq göstərişlər verilmişdir ki, bir çox ölkələrlə işçi qrupları yaradılsın və bu xəttə qoşulmaq istəyənlərin yük potensialı təhlil edilsin. Əlbəttə ki, biz bütün tərəfdaşlarla bu layihə çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırıq.”

Bu bir həqiqətdir ki, 2017-ci ildə həm energetika sahəsində bağlanan müqavilələr və qazanılan uğurlar, həm də beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsi Azərbaycan dövlətinin iqtisadi inkişafının 2018-ci ildə də davamlı olmasına zəmin yaradır.

Elçin Zaman, “İki sahil”