16 may 2024 18:42
660

Fransanın Kaledoniyada yerli xalqa divan tutması bu dövlətin əsl simasının ifşasıdır - EKSPERT/ÖZƏL

Fransa əslinə qalsa göründüyü qədər gözəl ölkə deyil. O dövlət ümumiyyətlə, özünün bəyan etdiyi prinsiplərə belə zidd davranır. Yəni dünyanın hər tərəfində uzun illər, hətta 100 illər ərzində təbliğat aparılıb ki, bir üstün fransız mədəniyyəti, üstün fransız kimliyi var. Bu kimlik başqa kimliklərdən, bu mədəniyyət də başqa mədəniyyətlərdən daha üstündür. Başqa xalqlar da məhz bu mədəniyyətə yaxınlaşmağa can atmalıdır. Yəni belə bir təbliğat aparılıb və təəssüflər olsun ki, o təbliğat on illər boyu ayaq açıb yeriyib. Dünyanın bir sıra guşələrində insanlar bu təbliğata alət olublar, aldanıblar. İndiki əsrdə isə artıq Fransa öz gerçək kimliyini gizlədə bilmir. Niyə? Ona görə ki, informasiya əsrində yaşayırıq. İnformasiya-kommunikasiya texnologiyaları hər kəs üçün əlçatandır. Artıq evimizdə oturduğumuz yerdə dünyanın istənilən məntəqəsindən xəbər ala bilirik, yəni harada nəyin nə olduğunu müəyyənləşdirmək bizim üçün çətin deyil. O baxımdan Fransanın müstəmləkəsi olan Yeni Kaledoniyada baş verənlər Azərbaycan oxucusu və tamaşaçısı üçün sirr deyil. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirdi.

Azər Həsrət qeyd etdi ki, artıq Fransa bizi aldada bilmir ki, bəyan etdiyi üstün dəyərlərə uyğun davranır. Yəni onun dediyi başqadır, etdiyi başqa. Yeni Kaledoniyada Fransa dövlətinin yerli xalqa divan tutması, onları hələ də əsarətdə saxlamağa cəhd göstərməsi XXI əsr təfəkkürü ilə daban dabana ziddir. Halbuki Fransanı bizə on illiklər boyunca irəli bir təfəkkür, irəli bir dövlət kimi təqdim və təbliğ ediblər. İndi görünür ki, deyilənlər kökündən yalandır. Üstəlik də bu dövlətin tarixində işğallar, istilalar, ilhaqlar saysız-hesabsızdır. Afrika xalqlarının böyük əksəriyyətinin Fransa tərəfindən istismara məruz qaldığı, soyqırımlara uğradıldığı heç kimə sirr deyil. Eyni zamanda, Şimali və Cənubi Amerika qitələrində Fransanın həyata keçirdiyi istismar, bütün bu istibdadlar tarixdən bəllidir. Yəni belə bir dövlətin başqa bir dövlətlərə ağıl öyrətməsi, özünü daha üstün bir dövlət kimi göstərməsi ikiüzlülükdən başqa bir şey kimi dəyərləndirilə bilməz.

Ekspert bildirib ki, Azərbaycan dövləti dünya xalqlarının, özəlliklə də fransızların istibdadına məruz qalan xalqların hüquqlarının qorunması üçün haqq səsini ucaldır. Eləcə də Azərbaycan ictimai rəyi bu məsələləri qlobal müstəvilərdə dilə gətirir. Bu isə faş edilmiş, gerçək üzü aşkar edilmiş Fransanı narahat edir. Təbiidir ki, biz bundan narahat deyilik, Fransanı faş etməyə davam edəcəyik.

Cavid Əkbər, “İki sahil”