Fransa hakimiyyəti dünyada bəşəri dəyərlərə təhdid yaratmaqdadır
Fransanın Yeni Kaledoniyada həyata keçirdiyi son həbslər, tətbiq olunan komendant saatı, həmçinin Fransa təhlükəsizlik qüvvələrinin yerli Kanak xalqına qarşı törətdiyi zorakılıqlar birmənalı şəkildə soyqırımı cinayətlərində ehtiva olunur və Fransanın cinayətkar mahiyyətini ortaya qoyur. Bilirsiniz ki, soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması ilə bağlı müvafiq konvensiyaya əsasən hər hansı dini-irqi, milli qrupa qarşı məhdudlaşdırma tədbirləri, onların öldürülməsi və yaxud da bu və ya digər formada zorakılığa məruz qalması soyqırımı əlamətlərini ehtiva edir. Yəni bu gün Fransanın öz müstəmləkələrində Korsikadan ta dənizaşırı ərazilərə qədər həyata keçirdiyi siyasət birmənalı şəkildə soyqırımı cinayətidir. Fransanın demokratiya, insan haqları adına bəyanatlarının yalnız və yalnız göstəriş xarakteri daşıdığını göstərir. Əslində isə Fransanın nə demokratiyaya, nə insan haqlarına, nə də bütövlükdə ülvi ümumbəşəri dəyərlərə hörməti yoxdur. Fransa hakimiyyəti bu davranışları ilə artıq qlobal dünyada bəşəri dəyərlər adına təhdid yaratmaqdadır. Bu gün ümumbəşəri dəyərlərə sadiq olan, həmin dəyərlərə hörmətlə yanaşan bütün beynəlxalq subyektlər artıq Fransa qarşısında ona dur deməyi bacarmalıdır.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söylədi.
Absurd və səbatsız yanaşma
Deputat qeyd etdi ki, çox təəssüflər olsun ki, uzun bir dövr ərzində Fransanın müstəmləkə siyasətinə, törətdiyi çoxsaylı qırğınlara dur deyən, bu cinayət əməllərinə layiqli qiymət verən olmayıb. Yalnız Qoşulmama Hərəkatının rəhbəri qismində Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairdə Ərəb Dövlətləri Liqasının konfransında ilk dəfə olaraq Fransanın müstəmləkə cinayətlərini ifşa edərək bu ölkəni üzr istəməyə və aidiyyəti şəkildə törətdiyi əməllərin nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyətə dəvət edib.
Özlərini insan haqlarının müdafiəmiçisi adlandıran, əslində təzyiq aləti kimi istifadə olunan təsisatlar niyə susurlar?
Fransa əslində bu reallıqları qəbul etməkdənsə, yenidən radikallaşaraq istər öz müstəmləkələrində, istərsə də yeni maraq dairəsinə daxil olmuş Cənubi Qafqaz kimi ərazilərdə davamlı şəkildə təxribat fəaliyyətləri ilə məşğul olmuş, o cümlədən qanlı cinayətlər törətmişdir. Fransanın daxili işlər naziri artıq bir neçə dəfə xüsusən Yeni Kaledoniyada baş verən hadisələr fonunda Azərbaycanı günahlandırmağa çalışıb, xüsusən Azərbaycanı separatizmə dəstək verməkdə təqsirləndirib. Baxmayaraq ki, Azərbaycan XX və XXI əsrlərdə separatizmə qarşı ən effektiv mübarizə ortaya qoyan və Cənubi Qafqazda artıq möhkəmlənmiş və Fransanın özünün dəstəyi ilə mövcudiyyətini qorumuş separatçı ocağı yerlə-yeksan etmişdi. Yəni bütün bunların fonunda Fransanın bu gün Azərbaycanı separatizmə dəstək verməkdə günahlandırması absurd və səbatsız yanaşmadır.
Cinayətlərin altında Fransanın qanlı imzası var
Bəhruz Məhərrəmov vurğuladı ki, Fransa özü uzun müddət Cənubi Qafqazda separatizmə dəstək verib, o cümlədən separatçıların həyata keçirdiyi bir çox cinayətlərin altında məhz Fransanın qanlı imzası var. Bu mənada hesab edirik ki, Fransa daxili işlər nazirinin bəyanatları rədd olunmalıdır. Biz onu rədd edirik. O cümlədən Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyada kanaklara qarşı zorakılığa dair bəyanatı birmənalı şəkildə bu gün beynəlxalq hüququn, BMT-nin, o cümlədən aidiyyəti təsisatların etməli olduğu addımların atılmasıdır. Çox təəssüflər olsun ki, BMT başda olmaqla bır sıra təşkilatlar, o cümlədən insan haqlarının müdafiəsi istiqamətində formalaşdırılmış, əslində isə təzyiq aləti kimi istifadə olunan təsisatlar hələ də bu prosesdə susur. Lakin Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının lideri kimi, hazırda isə müasir dövrün yeni reallıq yaradıcılarından biri kimi tanınan qlobal miqyaslı siyasətçilərindən biri kimi bu prosesin önündədir və Azərbaycan hər bir dövlətin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmaqla bərabər həm də ümumbəşəri dəyərlərin qorunması istiqamətində öz səylərini bundan sonra da davam etdirəcək.
Cavid Əkbər, “İki sahil”