17 may 2024 16:47
698

Radikallar antimilli mövqeləri ilə dövlətə arxa çevirmiş olurlar - Azər Həsrət

Ümumiyyətlə, Azərbaycan elə bir mərhələdən keçir ki, bu mərhələdə iqtidarlı-müxalifətli hamımız çəkici eyni zindana vurmalıyıq. Yəni, hərə bir tərəfə dartmamalıdır. Azərbaycan hakimiyyəti, konkret olaraq Prezident İlham Əliyev başda olmaqla dövlətimizin ətrafımızda baş verənlərin girdabına düşməməsi üçün əlindən gələni edir. Yəni, görürsünüz, Gürcüstan, Ukrayna, Ermənistan və İranda nələr baş verir. Hər tərəfimiz qaynayır, hər tərəfimizdə qanlar axır. Həmin ölkələrdə insanlar küçələrdədir, qarşıdurmalar var. Yəni ölkələr, dövlətlər çökmək üzrədir. Bütün bunların fonunda Azərbaycan dövləti ayaqda durmağa çalışır və bunu bacarır. Belə bir şəraitdə istər Əli Kərimli kimi radikal müxalifətçilər olsun, istərsə də başqa narazı qüvvələr, onlar qarşıdurmaya sövq edəcək davranışlardan çəkinməlidirlər. Ümumiyyətlə isə Azərbaycan dövlətinin üzərinə gəlmək üçün bəhanələr istehsal etməməlidir. Təəssüflər olsun ki, bu adamlar, bu dəstə bu "çete" işini-gücünü atıb Azərbaycan dövlətinin əleyhinə bəhanələr istehsal etməklə məşğuldurlar.

Bu fikirləri “İki sahil”ə açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirdi.

Azər Həsrət vurğuladı ki,  bu adamlar düşünmür ki, onların uydurduqları, tirajladıqları həmin yalanlar, böhtanlar, qarayaxmalar nəticə etibarı ilə Azərbaycan dövlətinin mövqelərini həqiqətən də laxlada bilər. Yəni, bu adamların düşüncəsi müxalifətçilik deyil. Onalara çağırış edərdim ki, bir qədər diqqətli olsunlar. Enində-sonunda bu millət hər şeyi görür. Hər kəsi görür və qiymətləndirir. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, dinc quruculuq işləri aparılır. Ayrı-ayrı Prezidentlər artıq Şuşaya səfərlər etməyə başlayıb. Bütün bunların fonunda ölkədə qarışıqlıq yaratmağa cəhd göstərmək əlbəttə ki, vətənsevər insanlara davranmayacaq davranışdır. İndi ki bunlar belə davranırlar, deməli vətənsevərlikdən danışmağa haqqları yoxdur. Bütün bunlarla bərabər onu da qeyd etməliyik ki, Azərbaycan xalqı bunların bu radikal qarışıqlığa yönəlik çağırışlarına uymamışdır, uymayacaq. Yəni, boş-boşuna enerji sərf etməsinlər. Ən yaxşısı o olardı ki, gəlsinlər hamı kimi normal siyasətlə məşğul olsunlar, dövlətin və millətin faydası üçün bir iş görsünlər. Gənclərin yetişməsinə töhfə versinlər, bunu etmirlər. Amma nə görürük? Onu görürük ki, bir tərəfdə Fransa dövləti üstümüzə gəlir, bir tərəfdə də bunlar. O tərəfdən İran üstümüzə gəlir. Bu tərəfdən də bunlar. Üçüncü tərəfdən ermənilər üstümüzə gəlir, bu tərəfdən yenə də bunlar. Yəni bunlar hər kəslə birləşib Azərbaycan dövlətinin üstünə gəlirlər. Düşünmürlər ki, ermənilərin etdikləri hücumlarda yer almaqla əslinə qalanda bu millətə, bu dövlətə arxa çevirmiş olurlar. Hesab edirəm ki, xalq bunların bu davranışının qiymətini layiqincə verəcək.

Cavid Əkbər, “İki sahil”