17 may 2024 18:20
659

Əli Kərimli və AXCP bütün fəaliyyətini dövlətə və xalqa düşmənçilik üzərində qurub - Kamran Bayramov

Böyük Qayıdışın geniş vüsət alması antimilli satqınların qarayaxmalarına verilən ən tutarlı cavabdır

Azərbaycanın siyasi sistemində heç bir çəkiyə malik olmayan radikal müxalifətçilər uzun illərdir ölkənin siyasi gündəmi üçün əhəmiyyətsiz qrup kimi xarakterizə olunurlar. Şuşada, Xankəndidə, Laçında bütövlükdə sahiblərinə qovuşan bütün ərazilərimizdə dalğalanan bayraqlarımız  xalqımıza,  fərəh gətirməsinə baxmayaraq  «xarici ağalarına»  boyun  əyən daxili satqınlarımız isə  onlara xoş gəlsin,  dilənçi paylarını kəsməsinlər deyə başlarına  qara bağladılar. Qorxularından Şuşa, Xankəndi tərəfə baxmağa belə cürətləri çatmadı.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov "İki sahil"ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində  hakimiyyəti qanunsuz yolla zəbt edərək ölkəni şəxsi maraqlarının qurbanına çevirən, AXC-Müsavat cütlüyünün səriştəsizliyi, satqınlığı xalqımızı çıxılmaz problemlərlə üz-üzə qoymaqla bərabər, düşmənlərimizə əzəli torpaqlarımızı ələ keçirmək fürsəti yaratmışdı. Kəndlərimiz, rayonlarımız gündən-günə azğınlaşan erməni silahlı birləşmələri tərəfindən işğal ediləndə Bakıda hakimiyyət davası aparan antimilli qüvvələr bu işğallardan öz ambisiyalarını həyata keçirmək üçün istifadə etməyə çalışırdılar. Ölkənin məqsədli şəkildə böhrana sürüklənməsi, ordu quruculuğu sahəsində heç bir iş aparılmaması daxildə AXC-Müsavat cütlüyünün olduğu kimi, xaricdə də Azərbaycan düşmənlərinin işinə yarayırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin may ayının 10-da Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüşü zamanı dediyi kimi, bütün bunlar Şuşa kimi şəhərin, digər şəhər və kəndlərimizin işğal altına düşməsinin səbəbi olmuşdur: “Təsadüfi insanlar hakimiyyətə gəldi. Küçələrdən heç bir təhsil almamış, heç bir dövlət işində təcrübəsi olmayan, heç bir biliyə malik olmayan müdafiə nazirləri, dövlət katibləri, parlament sədrləri, prezident vəzifələrinə yiyələndilər və bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi. Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə öz başına güllə çaxmağa söz verən o ünsür görəsən indi hansı hisslər yaşayır? Əminəm ki, bu günə sevinmir. Onun kimilər, o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti bizim Zəfərimizə sevinməyiblər, əksinə peşman olublar. Bizim Qələbəmizə bu günə qədər kölgə salmağa çalışırlar, ermənilərlə əlbir olub bizim Zəfərimizi aşağılamaq, ona kölgə salmağa çalışırlar.”

Dövlət başçımızın uzaqgörən və qətiyyətli  siyasəti nəticəsində Xankəndidəki separatçı və terrorçu xunta birdəfəlik ləğv edildi. İndi  Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda, Xocavənddə Azərbaycan Bayrağı ucalır. Ordumuz ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə qoruyur.  Eyni zamanda Qazaxın 4 kəndinin qaytarılması prosesinə başlanılıb. Qısa zamanda bu hadisə də ölkəmizin hərbi-siyasi uğuru kimi tarixə düşəcək. Bu gün əli kərimlilər, isa qəmbərlər, fuad qəhrəmanlılar, gültəkin hacıbəylilər, cəmil həsənlilər, “siyasi mühacir” adı altında xaricdən Azərbaycana dil uzadan, ölkəmizin və dövlətimizin nüfuzunu ləkələməyə çalışan sevinc osmanqızılar, qabil məmmədovlar, qənimət zahidlər, məhəmməd mirzəlilər Qələbəmizə ona görə sevinmədilər, sevinmirlər ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar onların sifarişçilərinin ölkəmizlə bağlı məkrli planlarını pozub.

Deputut diqqətə çatdırıb ki, son günlər Əli Kərimli Ermənistanın baş naziri Nikol Paşinyanı az qala regionun lideri kimi tərənnüm edərək Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin gecikdirilməsində ölkəmizi günahlandırır. Bu isə AXCP sədrinin ermənipərəstlik mərəzinin gündən-günə şiddətlənməsinin təsdiqidir. O, hələ də anlamır ki, sülh müqaviləsinin imzalanmasında Azərbaycan dövləti daha çox maraqlıdır və bunun əksinə olaraq Ermənistan hakimiyyəti Qərbdəki havadarlarına arxalanaraq bu istiqamətdə manipulyasiya edir. Demək olar ki, bütün siyasi fəaliyyətini dövlətinə və xalqına qarşı düşmənçilik üzərində quran AXCP sədri Əli Kərimli hələ də ölkəmizə yönəlik ən sərt və antimilli mövqe sərgiləməkdən çəkinmir. K.Bayramov əlavə edib ki, hər zaman olduğu kimi bu gün də antimilli ünsürlərin ölkəmizin əleyhinə göstərdikləri fəaliyyət haqlı olaraq cəmiyyətin bütün təbəqələrində nifrət, ikrah hissi yaradır. Onların yalan və iftiraları yalan və iftiralarına özlərindən başqa inanan yoxdur.

Əminəm ki, dövlət başçımızın Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri, işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın gündən-günə daha geniş vüsət alması həm ermənilərə və bütün xarici düşmənlərə, həm də daxili antimilli satqınların qarayaxmalarına verilən ən tutarlı cavabdır.

Şəmsiyyə Əliqızı "İki sahil"