2017-ci ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 56 yaşayış məntəqəsinə təbii qaz verilib.
Birlikdən bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” tərəfindən təxirə salınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.
İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün “Azəriqaz” tərəfindən ötən ilin yanvar-dekabr ayları ərzində 1886 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 221 kilometr qaz kəməri əsaslı təmir edilib. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Ağstafa, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Xaçmaz, Şamaxı, Oğuz, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Lerik, Biləsuvar, Cəlilabad, Masallı və Astara rayonları üzrə 56 yaşayış məntəqəsi təbii qazla təmin olunub.