21 may 2024 01:57
1063

Paris Bakıdan nə istəyir?

Fransa Prezidenti Emmanuel Makron və onun nazirləri, həmçinin bu ölkənin üzdəniraq siyasətçiləri türk dünyasına, xüsusilə Azərbaycana qarşı təxribatlardan bir an belə əl çəkmilər. Onların həyasızlığı o səviyyəyə çatıb ki, Fransanın müstəmləkə zülmünə boyun əymək istəməyən və müstəqil yaşamaq arzusun­da olan Sakit okeandakı Yeni Kaledoniyada baş verən kütləvi etirazlarda, iğtiaşaşlarda da Azərbaycan izi axtarmağa başlayıblar.

Belə ki, Fransanın daxili işlər naziri Jerar Darman Azərbaycanı adadakı müstəqillik tərəf­darlarını dəstəkləməkdə ittiham edib. “France-2” televiziya kanalına müsa­hibə verən nazir deyib: “Bu, fantaziya deyil. Təəssüf ki, bəzi separatçılar Azərbaycanla razılığa gəliblər”. Amma o, həmin “razılığın” detallarını açıqlamayıb. Şübhəsiz, bu da həmin fikirlərin nazirin fantaziyasının məhsulu olmasından xəbər verir.

Fransalı politoloq Lui Düklo isə so­sial şəbəkə hesabında yazıb ki, guya Azər­baycan Fransaya qarşı sabitliyi pozan fəaliyyətlər həyata keçirir. Əgər onlar  həmin etirazlarda görünən Yeni Kaledoniyanın bayrağına oxşar bayrağımızı nəzərdə tuturlarsa, bu, sadəcə, neokolonializmlə mübarizədə Azərbaycanın fəallığına işarədən başqa bir şey deyil. Başqa sözlə desək, bu, ölkəmizin müstəmləkəçiliyə qarşı apardığı mübarizə ilə bağlıdır. Bəli, Azərbaycan artıq neçə ildir ki, neokolonializm meyillərinin artmasın­dan ciddi narahatlığını dəfələrlə bəyan edib və etməkdə davam edir.  Azərbaycan beynəlxalq hüququ, öz azadlığını bərpa etməklə dünyada əzilən xalqların mübarizə simvoluna çevrilibsə, buna başqa don geyindirmək tamamilə absurddur. Azərbaycan sadəcə beynəlxalq hüquq və diplomatik protokol çərçivəsində günahsız kanak xalqına, Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən, iztirablar içində boğulan insanlara öz mənəvi dəstəyini göstərir. Yeni Kaledoniyda baş verənlər isə  sözügedən ölkənin neokolonial siyasətinin nəticəsidir. Bu mənada orada baş verənləri Azərbaycanla əlaqələndirmək, sabitliyi pozmaq kimi qələmə vermək əsla doğru deyil. Halbuki, Ermənistanı silahlandırmaqla, revanişistləri və separtçıları dəstəkləməklə Cənubi Qafqazda, o cümlədən uğurlarını həzm etməkdə hələ də çətinlik çəkdiyi Azərbaycanda sabitliyi pozmağa, onun daxili işlərinə qarışmağa çalışan məhz Makron Fransasıdır. Bu gün rəsmi Bakını “separatçı”ları dəstəkləməkdə ittiham edən Fransa Azərbaycan ərazilərində kök salan separatçıları silahlandıraraq Qarabağı münaqişə ocağına çevirmədimi?  2020-ci ilin Vətən müharibəsi zamanı və ondan sonrakı dövrlərdə ölkəmizə qarşı ədalətsiz mövqe sərgiləmədimi? Parlamentin hər iki palatası, Fransa dövləti  Qarabağdakı separatçı rejimi açıq şəkildə dəstəkləmədimi? Elə Rusiya-Ukrayna münaqişəsinin bu qədər davam etməsinin, Qəzzadakı alovun sönməməsinin, Gürcüstanın qarışmasının baiskarı da Fransadır. Azərbaycan isə indiyədək  dün­yanın heç bir ölkəsinin, o cümlədən Fransanın daxili işlərinə qarışmağa cəhd göstərməyib.

Azərbaycanı iqtisadi sanksiyalarla, Ermənistana dəstəyi artırmaqla hədələyən Lui Düklo yəqin bilməmiş deyil ki, Fransanın Azərbaycana hansısa iqtisadi sanksiyalar tətbiq edəcəyi təq­dirdə bundan elə ən çox onun ölkəsinin Azərbaycanda fəaliyyət göstərən “Total”, həmçinin digər şirkətləri ziyan çəkəcəklər. Ermənistanı silahlandırmasına gəldikdə Prezident İlham Əliyevin bu sözlərini xatırlatmaq yerinə düşərdi: “Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik”.

Bu mənada onların sayıqlamaları tamamilə əsassızdır. Daha doğrusu, Azərbaycanla bağlı səslənən iddialar absurddur və siyasi mənəviyyatsızlıqdır. Haqlı olaraq Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı rəsmi münasibət bildirib: “Əks təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaqdır”. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, demokratiyadan danışmağa haqqı olmayan başda Makron olmaqla Fransanın indiki hakimiyyəti tamamilə başını itirib. Bu isə o deməkdir ki, əgər sabah Fransada hər hansı təbii fəlakət baş verərsə, ölkə rəsmiləri onu da Azərbaycanla əlaqələndirməyə çalışacaqlar. Amma insafən Lui Düklonun açıqlamasında ölkəmizin adı Rusiya və Çin kimi bö­yük güclərlə yanaşı çəkilir. Bu isə o deməkdir ki, artıq fransızlar da ölkəmizin güclü dövlətə çevrilməsini, Prezident İlham Əliyevin müstəqil siyasət yürütmək məharətini etiraf edirlər. Amma nədənsə bütün bunları açıq, başqa sözlə desək, dünyanın eşidə biləcəyi şəkildə dilə gətirməkdən çəkinirlər. Görəsən, ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən Paris Bakıdan nə istəyir?

Yeri gəlmişkən qeyd edək ki, mayın 13-də Yeni Kaledoniyanın paytaxtında yerli seçkilər üçün seçici siyahılarının genişləndirilməsi ilə bağlı Fransa qanun layihəsinə etirazlar iğtişaşlara çevrilib. Yeni Kaledoniyada 12 gün müddətinə fövqəladə vəziyyət elan edilib, liman və hava limanlarının mühafizəsi üçün hərbçilər gətirilib.

Qvami Məhəbbətoğlu, “İki sahil"