23 iyul 2026 22:57
116

Azərbaycan–Almaniya münasibətlərində yeni inkişaf prespektivləri

Prezident İlham Əliyevin 2026-cı il iyulun 21-də Almaniya Federativ Respublikasına rəsmi səfəri Avropa ilə Azərbaycan arasında siyasi, iqtisadi və strateji əməkdaşlığın daha möhkəm əsaslar üzərində inkişaf etdiyini nümayiş etdirdi.

Görüş zamanı imzalanan sənədlər, aparılan müzakirələr və verilən bəyanatlar göstərdi ki, Bakı ilə Berlin əməkdaşlığı uzunmüddətli strateji baxış əsasında inkişaf etdirmək niyyətindədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, imzalanmış sənədlər Azərbaycan–Almaniya əlaqələrini yeni səviyyəyə qaldıracaq və iki ölkə arasında strateji dialoqun əsasını təşkil edəcəkdir.

İkitərəfli gündəliyin kifayət qədər geniş olması münasibətlərin gələcək inkişafı üçün böyük imkanlar yaradır. Almaniyanın Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda artan marağı, Azərbaycanın isə regionun aparıcı dövləti kimi mövqeyi əməkdaşlığın perspektivlərini daha da genişləndirir. Bu baxımdan, Azərbaycan–Almaniya münasibətləri yalnız iki dövlət arasında əlaqələrin inkişafı demək deyil, eyni zamanda Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin güclənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Görüşün diqqətçəkən istiqamətlərindən biri iqtisadi əməkdaşlıq oldu. Hazırda 200-dən artıq Almaniya şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi ölkənin əlverişli investisiya mühitinin göstəricisidir. Ölkə Prezidenti bu sayın yaxın gələcəkdə daha da artacağına əminliyini ifadə edərək Alman şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyət göstərməsi üçün konkret təkliflərin irəli sürüldüyünü göstərdi.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sənaye, rəqəmsal texnologiyalar, logistika və innovasiya istiqamətlərində Almaniya kimi yüksək texnologiyalara malik ölkə ilə əməkdaşlıq hər iki tərəf üçün qarşılıqlı fayda vəd edir. Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması iqtisadi əlaqələrin institusional əsaslarını daha da gücləndirəcək, yeni investisiya layihələrinin və biznes təşəbbüslərinin həyata keçirilməsinə əlavə stimul verəcəkdir.

Vurğulanmışdır ki, enerji əməkdaşlığı isə münasibətlərin əsas dayaqlarından biri olaraq qalır. Azərbaycanın bu ildən etibarən Almaniyaya təbii qaz ixracına başlaması Avropanın enerji təhlükəsizliyi baxımından mühüm hadisədir. Hazırda Azərbaycan qazı Avropa İttifaqına üzv on ölkəyə çatdırılır və bu coğrafiya genişlənməkdə davam edir.

Bəyanatda  göstərilmişdir ki, müasir dünyada nəqliyyat dəhlizləri və logistika marşrutları dövlətlərin geosiyasi əhəmiyyətini müəyyən edən əsas amillərdən biridir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Orta Asiya ilə Avropa arasında mühüm körpüyə çevrildiyini xüsusi qeyd etmişdir.

Ölkə rəhbərinin bəyanatında regional sülh məsələsi də xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyevin Vaşinqtonda Prezident Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamənin otuz ilə yaxın davam edən Ermənistan–Azərbaycan münaqişəsinə faktiki olaraq son qoyduğunu bildirdi.

Azərbaycan sülh prosesinə konkret praktiki addımlarla dəstək verdiyini nümayiş etdirir. Ermənistanın enerji təhlükəsizliyinə verilən töhfə, yanacaq təminatı və Azərbaycan ərazisi vasitəsilə tranzit daşımaların həyata keçirilməsi regionda qarşılıqlı etimadın möhkəmlənməsi baxımından mühüm addımlar kimi qiymətləndirilir.

Bəyanatda Azərbaycanın uzunmüddətli sabitlik və əməkdaşlıq siyasətinə üstünlük verdiyi bir daha göstərildi. Prezident İlham Əliyev Almaniya hökumətinin Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması istiqamətində göstərdiyi səyləri də yüksək qiymətləndirdi. Vaxtilə Almaniyada xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər, dialoqun davam etdirilməsi və Avropa diplomatiyasının bu prosesə verdiyi dəstək sülh gündəliyinin irəliləməsinə öz töhfəsini verib.

Həmçinin Prezident İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərə də toxunaraq bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərlərinin böyük siyasi əhəmiyyət daşıdığını vurğuladı. Bu səfərlər Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdiyini və qarşılıqlı maraqların genişləndiyini göstərir.

Səfəri zamanı “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması oldu. Bu sənəd iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas siyasi çərçivə sənədi hesab oluna bilər. Beləliklə Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması barədə imzalanan sənəd iqtisadi əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoyur. Aparılan görüş və mətbuata bəyanatlar Azərbaycan-Almaniya münasibətlərinin yeni inkişaf prespektivlərini müəyyənləşdirən mühüm siyasi hadisədir.

Qadir İbrahimov,
YAP Culfa rayon təşkilatının sədri