Misir Qırmızı dənizdə 2018-ci ilin ilk rübünün sonuna qədər seysmik tədqiqatları bitirməyi və neft-qaz kəşfiyyatına başlamağı planlaşdırır. Ölkənin neft naziri Tarek el-Molla belə deyib.
“İki sahil”in “egypttoday.com” saytına istinadən yaydığı xəbərə görə, dekabr ayından Qırmızı dənizin Misirə aid sularında Norveçin “TGS” və Texasın “Schlumberger” şirkətləri tərəfindən ikiölçülü seysmik tədqiqatlara başlanılıb. Misirin Enerji Nazirliyi ötən ilin iyul ayında sözügedən şirkətlərlə Misir sularında geoloji məlumatların toplanılması və hökumətə təqdim olunması ilə bağlı müqavilə imzalamışdı.
Neft naziri Tarek el-Molla iyul ayında Misir və Səudiyyə Ərəbistanı arasında imzalanmış dənizin bölünməsi müqaviləsinin ardından yeni ərazidə böyük tapıntılar gözlədiyinə görə, Misir tarixində ilk dəfə olaraq Qırmızı dənizdə neft kəşfiyyatına başlamağı planlaşdırdığını açıqlayıb.
Xatırladaq ki, Misirdə Aralıq dənizində, Nil deltasında, Şərqi Səhrada, Süveyş körfəzində və Qərbi Səhrada kəşfiyyat çoxdan aparılsa da, Qırmızı dəniz indiyədək toxunulmamış qalıb.