21 may 2024 17:12
1141

Əlaqələrimiz inkişaf  mərhələsində

Azərbaycanla İran arasında münasibətlərin zəngin tarixi keçmişi vardır. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması dövlətlərarası əlaqələrin inkişafına müsbət dinamika verir. Bu gün Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və tərəqqinin təminatı Azərbaycan – İran münasibətlərindən birbaşa asılıdır.

Hazırda Azərbaycan–İran münasibətləri normal və irəliyə doğru inkişaf edən səviyyədə­dir. Onu da demək lazımdır ki, bu inki­şaf təkcə Azərbaycanın deyil, eyni za­manda, İranın da maraqlarına cavab verir. Bu fakt iki ölkə arasında həyata keçirilən müxtəlif layihələr, imzalanan müqavilə və sazişlər, eləcə də İranın mərhum prezidentinin Bakıya rəsmi səfəri ilə, İlham Əliyevlə görüşündə verdiyi açıqlamalarda öz təsdiqini ta­pıb. Xatırlayırıq ki, o, İran və Azərbay­can arasında münasibətlərin daha da möhkəmlənməsində maraqlı olduqla­rını bəyan etmişdi.

20 may 2024-cü il tarixdə keçirilən görüşü isə yalnız tarixi hadisə kateqoriyasına aid et­mək lazımdır. İki ölkə arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasi­bətlərinin inkişafını təmin edən siyasə­tin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarla­rı və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elekt­rik stansiyaları layihəsinin reallaşması göstərir ki, Azərbaycan və İran öz arala­rındakı səmərəli əməkdaşlıq imkanlarını uğura çevirməyi bacaran ölkələrdir. Yəni, ikitərəfli ticarət-iqtisadi əlaqələr Azərbay­can-İran əməkdaşlığının tərəqqi yoluna qədəm qoyduğunu göstərir. 

Araz çayı üzərində “Xudafə­rin” hidroqovşağının istismara ve­rilməsi, “Qız qalası” hidroqovşağı­nın açılması Azərbaycan və İranın müştərək layihələri həyata keçirmələrinin ba­riz nümunəsidir. Gələcək üçün də bu xarakterli layihələrin nəzərdə tutulması ikitərəfli münasibətlər­də müsbət tendensiyanın davam edəcəyinə ümidləri artırır.

 “İran-Azərbaycan əlaqələrinin gələ­cək inkişafı da çox müsbətdir”. Bu sözləri Araz çayı üzərində inşa edilmiş “Xudafə­rin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İl­ham Əliyev deyib. İran–Azərbaycan bir­liyinin, dostluğunun sarsılmaz olduğunu deyən dövlətimizin başçısı bölgənin sa­bitliyi, tərəqqisi, gələcək təhlükəsizlik təd­birlərinin gücləndirilməsi üçün bu dostlu­ğun, qardaşlığın böyük əhəmiyyət kəsb etdiyini xüsusi olaraq vurğulayıb.

Ümid edirik ki, İranda hakimiyətə gələcək yeni komanda da Azərbaycanla münasibətlərin yalnız yüksələn xətlə davam etdiril­məsində maraqlı olacaq. Məhz bu istiqamətdə fəaliyyəti davam etdirmək həm İranın, həm də Azərbaycanın milli maraq­ları tələb edir.

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri