22 may 2024 18:30
335

Azərbaycanın bərpaolunan enerji layihələrinin gündəliyi çox iddialıdır - Fuad İbrahimov

Azərbaycanda dünya səviyyəli tədbirlərin keçirilməsi ənənə halını alıb. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər, həm, mahiyyət, həm də, müzakirə olunan mövzuların aktuallığı  baxımından diqqət doğurur. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edir ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz bu səbəbdən də Azərbaycanın namizədliyi dəstək olunub və təsdiqlənib. Nəzərə çatdırım ki, Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox investisiya edən ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır. COP29 bir sıra istiqamətlərdə - Azərbaycanın iqtisadiyyatı, eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir. COP29 beynəlxalq konfrans kimi məsuliyyətli bir tədbirdir. Bu tədbirin keçirilməsinə az vaxt qalsa da, hazırlıq işləri yüksək səviyyədə təşkil olunur. Məsələ ilə bağlı ilk iclasın dövlətimizin başçısının rəhbərliyi ilə keçirilməsi də bu tədbirin nə qədər məsuliyyətli olduğunun göstəricidir. Hesab edirəm ki, Azərbaycan COP29 tədbirini keçirməklə bu sahəyə də bir yenilik gətirəcək. Çünki, Azərbaycanın bərpaolunan enerji layihələrinin gündəliyi çox iddialıdır.

Bu fikirləri iqtisadçı alim, Fuad İbrahimov “İki sahil”ə açıqlamasında bildirib.

Fuad İbrahimov qeyd edib ki, mühüm əhəmiyyətli islahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir. Bu gün iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ölkəmizə son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib. 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb. Düşünülmüş sosial siyasət nəticəsində yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5 faizə qədər enib. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb. Azərbaycanda xarici borcun səviyyəsi hər il azalır. Bu isə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir.  

İqtisadçı alim qeyd edib ki, bu gün yüzdən çox ölkənin etimadını qazanmaq indiki dünya şərtləri çərçivəsində çox çətindir. Hazırda Avropada enerjiyə yaranan ciddi tələbat fonunda Azərbaycan beynəlxalq layihələrinin əhatəsini genişləndirir, resurslarını artırır və daha da önə çıxır. Bu isə ölkəmizin beynəlxalq nüfuzunu artıraraq dünyada söz sahibi olmasına səbəb olur.  Son illər Azərbaycan yaşıl və daha dayanıqlı enerji landşaftına keçiddə nəzərə çarpacaq irəliləyişlər əldə edib. Ölkə beynəlxalq sərmayə və əməkdaşlıq üçün mərkəzə çevrilməklə yanaşı, təmiz enerji layihələrində də əsas oyunçu kimi mövqeyini möhkəmləndirib. Qlobal miqyasda ekoloji cəhətdən təmiz enerji istiqamətində Azərbaycanın uzaqgörən addımları onun enerji portfelinin şaxələndirilməsi, karbon emissiyalarının azaldılması və ekoloji cəhətdən təmiz texnologiyaların istifadəsi yönündə düşünülmüş səylərinin göstəricisidir.

F.İbrahimov diqqətə çatdırıb ki, uğurla həyata keçirilən enerji siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Bu gün yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli bizim enerji siyasətimizin prioritetidir. Hazırda Azərbaycanın bərpaolunan enerji sahəsində nəhəng potensialı vardır. Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya, külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Bir neçə ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Dövlət başçısının qeyd etdiyi kimi, planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir. Azərbaycanın vaxtilə çoxlarına əfsanə kimi görünən layihələrin gerçəkləşdirilməsinə nail olması bugünkü  uğurlara yol açdı. 

İqtisadçı alim əlavə edib ki, hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır. İrəli sürülən təşəbbüslərin reallığa çevrilməsində  yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli islahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir.

Ölkəmizin bütün məsələlərə strateji baxışı, yanaşması, iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı və təsəvvürü var və bu, ümumi plan çərçivəsində bundan sonra da irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaq.
 
Şəmsiyyə Əliqızı, «İki sahil»