23 may 2024 16:01
1617

UNEC-in təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi konfransın ilk günü başa çatıb - YENİLƏNİB

Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Regional İnkişaf İctimai Birliyi (RİİB), Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı (ISCEMR-24) keçirilib.

“İki sahil” xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunmuş və “Dayanıqlı İnkişafın Yeni Dövrü: Yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” mövzusunda təşkil olunan bu ilki konfrans mayın 26-dək davam edəcək.

Rəsmi açılışda iştirakçıları salamlayan UNEC rektoru professor Ədalət Muradov beynəlxalq konfransda 39 ölkədən 374 tədqiqatçının iştirak edəcəyini və 42 sessiyada 245 tədqiqat işinin məruzə olunacağını bildirib.

Ə.Muradov çıxışında UNEC-in İnkişaf Strategiyasının məqsəd və hədəflərindən söz açıb: “Bizim strateji məqsədimiz 2030-cu ilə qədər UNEC-i tədqiqat universitetinə çevirməkdir. Ən çox hədəflər də məhz elmi tədqiqatlarla bağlıdır”. Rektor UNEC-in elmi fəaliyyəti və əldə olunan nəticələr barədə metrik göstəriciləri də iştirakçıların diqqətinə çatdırıb.

O bildirib ki, “Scopus” bazasında indekslənən elmi əsərlərin 97 faizi, istinad sayının 99 faizi, xarici müəllifli elmi əsərlərin 99 faizi, “Web of Science” bazasında indekslənən elmi əsərlərin 90 faizi, istinad sayının 93 faizi, xarici müəllifli elmi əsərlərin 87 faizi məhz 2014-2024-cü illərin payına düşür. Ə.Muradov “Scimago”da dünya universitetlərinin reytinqinə əsasən, UNEC-in 2023-cü ildə Azərbaycan üzrə 1-ci yerdə qərarlaşdığını vurğulayıb. Q1 kvartilli jurnallarda dərc olunan məqalələrin sayına görə UNEC-in ölkədə lider olduğunu diqqətə çatdırıb.

Elm və təhsil naziri Emin Əmrullayev UNEC tərəfindən ənənəvi olaraq, hər il keçirilən ISCEMR konfransının ölkədə təhsilin və elmin inkişafına təkan verdiyini bildirib.

UNEC-də elmi fəaliyyətin artan dinamikasını yüksək qiymətləndirən nazir, Dövlət Proqramı ilə xaricdə təhsil alan gənclərin sayına görə UNEC-in xüsusi olaraq fərqləndiyini deyib.

E.Əmrullayev elmi tədqiqatların maliyyələşdirilməsi məsələsinə də toxunub: “Son bir neçə ildə bir sıra universitetlərimizin elmi-tədqiqat işlərində kəmiyyət və keyfiyyət dəyişiklikləri müşahidə olunur. Biz ali təhsil müəssisələrindən daha çox elmi-tədqiqat aparmalarını istəyiriksə, tədqiqatların maliyyələşmə formasına yenidən baxılmalıdır”.

Nazir doktorantura proqramlarında köklü dəyişikliklərin aparılmalı olduğunu vurğulayaraq, bu istiqamətdə kredit əsaslı proqramların yaradılmasının zəruriliyini qeyd edib.

Türkiyənin Rəqabət Qurumunun rəhbəri Birol Küle iqtisadiyyatların dayanıqlılığının təmin edilməsi məqsədilə ölkələr arasında əməkdaşlığın əhəmiyyətindən danışıb. O, ölkədə rəqabətin təmin edilməsi məqsədilə uğurlu işlərin, layihələrin icra edildiyini bildirərək, hər iki ölkənin davamlılığının inkişafı üçün ortaq zəminin yaradılacağını deyib.

RİİB-in təhsil və ekoloji layihələr üzrə koordinatoru Simuzər Fərəczadə iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması, keyfiyyətli ətraf mühitin formalaşması, yaşıl iqtisadiyyata transformasiya və bu istiqamətdə digər sahələr üzrə görülən işlərdən söz açıb.

Konfrans “Azərbaycan universitetlərində dayanıqlı inikşaf: bərpa olunan enerji və iqlim”, “Gələcəyi istiqamətləndirmək: Dayanıqlı gələcək üçün iqlim dəyişikliklərinin maliyyələşdirilməsində yeniliklər” adlı panel sessiyalarla davam edib.

Konfrans çərçivəsində mayın 24-də “Bərpa olunan enerji mənbələrindən istifadə və iqlim dəyişikliyi fonunda Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadi irəliləyişlər”, “Dayanıqlı inkişaf yolunda ortaq rəqabət: Əsas istiqamətlər və çətinliklər”, “Yaşıl iqtisadiyyata və texnologiyalara keçiddə özəl təşəbbüslərin rolu” və “Türk Dünyasında yaşıl və dairəvi iqtisadiyyat: keçid üçün yol xəritəsi” kimi mövzularda maraqlı müzakirələr aparılacaq.

Qeyd edək ki, konfransa yaşıl iqtisadiyyat, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri, iqlim maliyyələşməsi və s. kimi aktual mövzuları əhatə edən 245 tədqiqat işi məruzə olunmaq üçün qəbul edilib. Tədqiqat işləri əsasında hazırlanacaq kitab dünyanın bir çox nüfuzlu akademik bazalarında indekslənəcək.

Konfrans çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunacaq panel müzakirələrdə yerli və xarici dövlət və özəl sektor qurumlarının rəhbər şəxsləri ilə yanaşı, beynəlxalq təşkilatların və xarici universitetlərin mütəxəssisləri olan, ümumilikdə 28 spiker iştirak edəcək ki, onlardan 17-si xarici ölkələrin təmsilçiləridir.

“Paşa Holding”in baş sponsorluğu ilə keçirilən konfrans çərçivəsində Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının dəstəyi ilə mayın 26-da ağacəkmə aksiyası da keçiriləcək.

Aksiyada konfrans iştirakçıları tərəfindən iqlim şəraitinə uyğun 300-dən çox ağacın əkilməsi nəzərdə tutulur.

***

Bakıda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-24) keçirilir.

“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları konfrans çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən nəşr olunan kitabların sərgisi ilə tanış olublar.

Sərgidə konfransda məruzə üçün qəbul olunmuş tədqiqat işlərinin xülasələrindən ibarət “Xülasələr kitabı” başda olmaqla, ali təhsil müəssisələrində "yaşıl iqtisadiyyat"la bağlı fənlərin tədrisində ana dilimizdə vəsait ehtiyacını qarşılamaq üçün hazırlanan “Yaşıl iqtisadiyyat” dərs vəsaiti, konfransa Azərbaycan dilində təqdim olunan seçilmiş məqalələrdən ibarət olan “Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf” məqalələr toplusu, Türk dünyasının "yaşıl iqtisadiyyat"a keçiddə əldə etdiyi uğurlar və gələcək perspektivlərlə bağlı Türk dünyasının müxtəlif ölkələrinin tədqiqatçılarının hazırladığı “Türk dünyasında yeşil ve dönüşüm ekonomisi: Geçiş için yol haritası” kitabı nümayiş olunub.

Həmçinin, UNEC ilə dünyanın ən nüfuzlu nəşriyyat evlərindən biri sayılan EMERALD nəşriyyatının əməkdaşlığı əsasında nəşr üçün hazırlanan “Sustainable Development and Green Innovation: Managing risk through interdisciplinary approaches and policy strategies” başlıqlı kitab haqqında məlumat verilib.

Konfransa ümumilikdə 83 ali təhsil müəssisəsi və tədqiqat mərkəzini təmsil edən, 19-u yerli, 64-ü xarici olmaqla 374 tədqiqatçı qatılıb.

Rəsmi açılışdan sonra təşkil olunacaq panel müzakirələrdə yerli və xarici dövlət və özəl sektor qurumlarının rəhbər şəxsləri ilə yanaşı, beynəlxalq təşkilatlar və xarici universitetlərinin mütəxəssisləri olan, ümumilikdə 28 spiker iştirak edəcək ki, onlardan 17-si xarici ölkələrin təmsilçiləridir.

“Bərpa olunan enerji mənbələrindən istifadə və iqlim dəyişikliyi fonunda Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadi irəliləyişlər”, “Gələcəyi istiqamətləndirmək: Dayanıqlı gələcək üçün iqlim dəyişikliklərinin maliyyələşdirilməsində yeniliklər”, “Dayanıqlı inkişaf yolunda ortaq rəqabət: Əsas istiqamətlər və çətinliklər”, “Yaşıl iqtisadiyyata və texnologiyalara keçiddə özəl təşəbbüslərin rolu” və “Türk Dünyasında yaşıl və dairəvi iqtisadiyyat: keçid üçün yol xəritəsi” kimi mövzularda müzakirələr olacaq.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi, UNEC, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfrans mayın 26-dək davam edəcək.