24 may 2024 16:55
620

Kondisioner alarkən nələrə diqqət etməliyik? - FOTO

Kondisioner alarkən nələrə diqqət edilməli məsələsi yay aylarının gəlişi ilə maraq doğuran mövzular sırasındadır. Kondisioner seçimində ilk və ən vacib addım onun növünü müəyyən etməkdir. Fərqli ehtiyaclar üçün müxtəlif növ kondisionerlər var, bəzi variantlara nəzər salaq.

Divarüstü/split  kondisionerlər: Evlərdə sərinlik və istilik üçün əvəzolunmazdır

Onlar ümumiyyətlə iki hissədən ibarətdir: daxili və xarici blok.

Daxili blok: Evinizin daxilində, adətən divara yaxın yerdə quraşdırılır. Otağa soyuq və ya isti havanı daxil edən hissədir.

Xarici blok: Evinizin xaricində, adətən balkonda və ya pəncərə qarşısında quraşdırılır. Kompressor, fan və digər komponentləri əhatə edir. Soyuqlaşdırma və ya istilik əməliyyatını daxili blok ilə əlaqəli şəkildə həyata keçirir.

Salon tipli kondisionerlər: Böyük məkanlar üçün güclü performans

Evlərdə geniş qonaq otaqları üçün idealdır, lakin ofislər, mağazalar, restoranlar kimi kommersiya sahələrində daha çox üstünlük verilir. Salon tipli kondisionerlər divarüstü kondisionerlər kimi iki əsas hissədən ibarətdir: daxili və xarici blok. Salon tipli havalandırmaların ən fərqli xüsusiyyəti daxili qurğunun ayaqlı bir quruluşa sahib olmasıdır. Divara montajı tələb olunmadığı üçün asanlıqla istənilən yerə yerləşdirilə bilər.

Enerji effektivliyi: Cibiniz və Planetimiz üçün vacibdir!

Həm xərclərinizi azaltmaq, həm də təbiəti qorumaq üçün enerji səmərəliliyini artıracaq xüsusiyyətli kondisionerlər seçmək mümkündür. Bu baxımdan enerji dərəcəsi yüksək olan, inverter texnologiyasına malik kondisionerlər üstünlük təşkil edir.

Nəzərə alınmalı digər xüsusiyyətlər...

Səssiz işləmə - Yataq otağı kimi sahələrdə xüsusilə vacibdir.

Asan təmizlənən filtr - Sağlam və təmiz hava üçün əhəmiyyətlidir.

İdarəetmə pultu və Wi-Fi - Bu, kondisionerinizi istədiyiniz yerdən idarə etməyə imkan verir.

Yuxu rejimi - Gecə ərzində ideal temperaturu təyin edir və enerjiyə qənaət edir.

Hava təmizləyici - Allergenlər, toz və pis qoxu ilə mübarizə aparır.

Kondisioner seçərkən ehtiyaclarınızı və məkanın xüsusiyyətlərini nəzərə alaraq düzgün tip və tutumun təyin edilməsi uzunmüddətli rahatlıq və enerji qənaətini təmin edir. Düzgün seçimlərlə siz il boyu ideal temperaturda və təmiz havadan ibarət yaşayış sahəsinə sahib ola bilərsiniz.

Nigar Orucova, “İki sahil”