26 may 2024 12:07
467

Humanizm siyasətinin növbəti nümunəsi - ŞƏRH

Müstəqillik Günü ərəfəsində, daha doğrusu, mayın 25-də Prezident İlham Əliyev məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.

Sözügedən əfv Sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 63 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, habelə bu cəza üzrə cəzasının çəkilməsi təxirə salınmış 1 şəxs cəzadan azad olunub, o cümlədən cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib, 3 şəxsin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. İslah işləri cəzasına məhkum edilmiş 2 şəxs cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 şəxs cəzadan azad edilib. Qeyd edək ki, budəfəki əfv sərəncamı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 8 nəfər əcnəbi cəzasının çəkilməmiş hissəsindən azad edilib. Onlardan 5-i Əfqanıstan, 2-i Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır. Bununla da həmin humanizm aktı ilə 154 ailəyə Müstəqillik Günü ərəfəsində sevinc bəxş olunub. Şübhəsiz, bu, alicənablıq nümunəsidir. Əminliklə demək olar ki, ailələrinə sevinc bəxs edilən və cəzadan azad olunan şəxslər müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfələrini verəcəklər. Yeri gəlmişkən, əfv olunan məhbusların ailələri Azərbaycandakı humanizmi yüksək dəyərləndirirlər.

Bəli, Sərəncam həm də Müstəqillik Gününə, milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinə verilən  ən ali dəyərdir. Məhz bu müqəddəs  gün ərəfəsində  dövlətimizin başçısı yüz əllidən çox  məhbusa öz həyatını yenidən qurmağa, həyatında təmiz səhifə açmağa imkan verib. Bu da ölkəmizin humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirir, xalqın dövlətə, ədalətə inamını artırır. Ölkəmizdə  bu xeyirxahlığın və humanistliyin ənənə halını almasında  Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub.

Yeri gəlmişkən qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv Fərmanı imzalanıb, 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilən bu siyasət artıq ənənə halını alıb. Bu isə o deməkdir ki, dövlət başçımız bu humanist addımları ilə Azərbaycan vətəndaşına yüksək dəyər verir, hüquq və azadlıqlarını hər şeydən uca tutur. Təkcə bir faktı xatırladaq ki, fəaliyyəti ədalətə, humanizm və mərhəmət prinsiplərinə söykənən Prezident İlham Əliyev tərəfindən 2003-2023-cü illər ərzində 37 əfv Sərəncamı imzalanıb, 5 amnistiya aktı qəbul edilib. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, tarixi Zəfəri ilə bölgədə yeni reallıqlar yaradan, dünyada söz sahibi olan Prezident İlham Əliyev əfv etməyi, bağışlamağı da bacaran müdrik şəxsiyyətdir. Elə “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da dövlət başçımızın artıq illərdir davam etdirdiyi humanizm siyasətinin növbəti parlaq nümunəsidir.

Bir məsələni də vurğulamaq istərdik ki, bu Sərəncamı həm də bizə demokratiya, insan hüquqları ilə əlaqədər dərs keçmək istəyən Qərbə, o cümlədən onun təsisatlarına bir mesaj kimi dəyərləndirmək olar. Bu mənada Sərəncam dövlətimizin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir Bu addım, həmçinin dünyada hələ də ölüm hökmlərinin qaldığı bir çox ölkəyə örnəkdir.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrasını həyata keçirir.

Qvami Məhəbbətoğlu, “İki sahil”