Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə ölkəmizə səfər edən Türkiyədən və Gürcüstandan olan din xadimləri Şuşa şəhərindən sonra Ağdama gəliblər.
“İki sahil” xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib. Məlumat verilib ki, Ağdam Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.
Din xadimləri sonra Ağdam şəhər Cümə məscidinə gəliblər. Onlara ermənilərin mədəni, tarixi, dini abidələri məhv etmələri və Ağdam işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər hərbi məqsədlərə görə məscidi dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları qəsdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər. Ağdam şəhəri işğaldan azad olunduqdan sonra Cümə məscidi bərpa olunaraq əvvəlki görkəminə qaytarılıb.
Din xadimləri məsciddə namaz qılıblar.
Nümayəndə heyəti daha sonra Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi ilə tanış olub. Onlara tarixi məkan haqqında məlumat verilib. Bildirilib ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarixi-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.
Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar. İşğaldan azad edildikdən sonra Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib.
***
Türkiyə və Gürcüstan din xadimlərindən ibarət nümayəndə heyəti Ağdamda səfərdədir.
“İki sahil” xəbər verir ki, qonaqlar səfər zamanı 30 il ərzində törədilmiş dağıntılar, həmçinin tarixi yerlərlə də tanış olacaqlar.
Eyni zamanda din xadimləri Ağdam Cümə məscidi, İmarət Kompleksi və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Qonaqlara işğalda olduğu müddət ərzində ermənilərin Azərbaycanın tarixi-mədəni irsinə qarşı həyata keçirdiyi vandalizm aktları haqqında məlumatlar veriləcək.
Qeyd edək ki, 30-dan çox azərbaycanlı din xadimlərinin iştirak etdiyi səfər iyunun 2-dək davam edəcək. Səfərin növbəti mərhələsi Bakı şəhərində olacaq.