05 yanvar 2018 14:19
908

Neftin qiymətində yeni rekord

“Qara qızıl”ın bir barreli 80 dollara çata bilərmi?

ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barrelinin dəyəri 68,19 dollara qədər yüksəlməyə nail olub. Bu, 2015-ci ilin may ayından indiyədək “Brent” markalı neftin ən yüksək qiymətidir.

Bununla belə, neftin qiyməti ilə bağlı proqnozlar fərqlidir. Ekspertlərin bir qismi  qiymətdəki artımın qısamüddətli olacağını bildirirlərsə, digərləri qiymətlərin nəinki bu səviyyədə qalacağını, hətta  80 dollara çatacağını iddia  edirlər. İkincilərin sözlərinə görə, 2018-ci il digər əmtəələrdə olduğu kimi, neftin qiymətində də dönüş ili olacaq. Onlar belə hesab edirlər ki, qiymətin normal səviyyəyə qaldırılmasına böyük cəhdlərin olması, iri neft hasilatçılarının istehsalı azaltması, eyni zamanda, ixracatçı və texnologiya firmaları ilə əlaqədar aparılan araşdırmaların nəticələri bunu deməyə əsas verir. Halbuki neftin  bir barrelinin qiyməti sonuncu dəfə 2014-cü ilin noyabr ayında 80 dollar səviyyəsində olub. 

Əslində “Brent” markalı  neftin qiyməti çərşənbə axşamı günü 67 dolları ötərək  2015-ci ildən bu yana ən yüksək səviyyəyə çatıb və hazırda bu həddə qalmaqdadır.  Qərbi Texas (WTI) neftinin bir barrelinin qiyməti də 62 dolları ötüb. Söhbət ondan gedir ki, bu rəqəmlər son iki il yarımın ən yüksək zirvəsidir. ABŞ Enerji İnformasiya İdarəsi (EIA) dekabr ayında Birləşmiş Ştatların neft istehsalının 2018-ci ildə gündəlik 780 min barrel arta biləcəyini bildirib. Mütəxəssislər qiymətlərin yüksələcəyi təqdirdə  bu rəqəmin artacağını istisna etmirlər.

Ümumilikdə isə qlobal neft tələbinin 2018-ci  ildə gündəlik təxminən 1,4 milyon barrel artacağı proqnozlaşdırılsa da,  Braziliya və Kanadada olan yeni layihələrlə bərabər, ABŞ şist nefti istehsalının da  OPEC  olmadan bu tələbi ödəyəcəyi gözlənilir. Ancaq bəzi mütəxəssislər neft hasilatı azalan OPEC üzvü Venesuela da daxil olmaqla geopolitik narahatlığın qiymətləri  artıracağını bildirirlər.

Bununla belə, şist nefti istehsalçıları yüksəlişi dayandıra biləcəyi də istisna edilmir. Danimarkanın “Saxo Bank”ından bildirilib ki,  ABŞ-ın gündəlik neft hasilatı hər an 10 milyon barrelə çata bilər.  Eyni zamanda, qarşıdakı  Çin iqtisadiyyatı ilə bağlı narahatlıqlar da vurğulanıb. Nəticədə tələbin gözləniləndən daha aşağı olması ucuzlaşmaya səbəb ola bilər. Bu baxımdan  bank ilin sonuna qədər “Brent” markalı neftin bir barrelinin 60, WTI markalı neftin bir barrelinin  isə 57 dollar olacağını proqnozlaşdırıb.  “Moody’s”  reytinq agentliyi  isə qiymətlərin 40-60 dollar səviyyəsində olacağını təxmin edir.

Real vəziyyət isə ondan ibarətdir ki, ABŞ-ın xam neft hasilatı  2017-ci ilin sonuna əsasən gündəlik  9,75 milyon barrelə çatıb. Müxtəlif mənbələrə görə, “Brent” və WTI fondları 2 milyard barrel və ya 10 günlük qlobal neft tələbinə bərabər həcmə nəzarət edir. Bununla da  “hedc”  fondlarının artıma meyillənməsi  qiymətlərin yüksək qalmasını təmin edə bilər. Lakin dekabr ayının ikinci yarısında bazarları gündəlik təxminən 450 min barrel neftdən məhrum etmiş  Şimal dənizindəki “Forties” boru kəməri sisteminin yenidən işə düşməsinin  qlobal neft bazarları üçün yaradacağı effekti də nəzərə almaq gərəkdir. 

Ceyhun Piriyev, “İki sahil”