28 may 2024 08:29
436

Bu hal qaraciyər xəstəliyinin əlaməti ola bilər

Gecələr qəfil yaranan qaşınma yatmağınıza mane olur və ya səpgilərlə müşayiət olunursa, mütəxəssisə müraciət etməyi gecikdirməməlisiniz.

“İki sahil” xəbər verir ki, ancaq bəzi qaşıntıların bəsit səbəbləri də ola bilər.

Gecə baş verən əsassız qaşınmaların səbəbləri atopik dermatit, ürtiker və psoriaz kimi dermatoloji problemlər ola bilər.Gecə qaşınmasına səbəb ola biləcək xəstəliklər arasında dəmir çatışmazlığı, şizofreniya, narahat ayaqlar sindromu da var. Həmçinin hamiləlik də qaşıntıya səbəb ola bilər.

Bədəndə qaşınma ekzema kimi dəri xəstəlikləri, həşərat dişləmələri, çiçək tozu, qida və dərmanlara allergik reaksiyalar, parazitlər, hormonal dəyişikliklər, qaraciyər xəstəlikləri, diabet, limfoma və bəzi xərçəng növləri səbəbindən baş verə bilər.

Nə zaman təhlükəli hesab edilməlidir?

Əgər qaşınma dərinin və gözlərin sararması, qarın ağrısı və şişkinlik, sidiyin rənginin tündləşməsi kimi əlamətlərlə müşayiət olunarsa, səbəbi qaraciyər xəstəliyi ola bilər. Belə hallarda mütləq həkimə müraciət edilməlidir.

Qaşıntının qarşısını necə almaq olar?

Qaşıntının səbəbi təhlükəli xəstəlik deyilsə, müalicəsində mütəmadi olaraq nəmləndiricidən istifadə etmək, soyuq kompres tətbiq etmək, dərinin təmizlənməsinə diqqət yetirmək, antihistaminik dərmanlardan istifadə etmək, pambıq paltarlar geyinmək, kifayət qədər su içmək, qaşıntıya yaxşı təsir edən mineral və vitaminlərdən istifadə etmək vacibdir.

Məsələn, hindistan qozu yağında olan E vitamini dərinin rahatlamasına kömək edərək qaşınmanın qarşısını alır. Bu yağı dərinizə az miqdarda tətbiq edə bilərsiniz. Bu, həm də qaşınma nəticəsində yaranan səpgilərin qarşısını alacaq.