28 may 2024 16:37
455

İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ümidi - Azərbaycan

İnkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyinin təsirlərinə daha həssasdırlar. İqlim dəyişikliyinə heç bir təsiri olmayan bu ölkələr onun ən pis fəsadlarına məruz qalırlar.  İqlim dəyişikliyi onların Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişinə də mane olur. Bu problem Azərbaycanın diqqət mərkəzindədir. Odur ki, onların narahatlıqlarını və ehtiyaclarını nəzərə alan rəsmi Bakı həmin ölkələrə öz yardım əlini uzadır. Təkcə bir faktı xatırladaq ki, pandemiya zamanı Azərbaycan 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın İnkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib.

Keçən ilin mart ayında isə Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün fəaliyyətə Qlobal çağırış elan edib. Həmin çağırışla  beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə səsləyib. Azərbaycan bu çağırışa vəsait ayıran ilk ölkə olub. Bu mənada demək olar ki, Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib. Hətta bu yaxınlarda Prezident İlham Əliyev Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edərkən  demişdi ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur: “Sizi əmin edə bilərik ki, kiçik ada dövlətləri məsələsi, onlara dəstəyin verilməsi, onların müdafiəsi müzakirələrin təməlində dayanacaq. COP29-un sədri kimi, biz bunu diqqət mərkəzində saxlayacağıq”.

Yeri gəlmişkən, Prezident İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də bu məsələ diqqət mərkəzində olub. Belə ki, dövlətimizin başçısı ölkəmizin COP29-a sədrliyi çərçivəsində kiçik ada dövlətləri və inkişaf etməkdə olan dövlətlər mövzusunun Azərbaycanın prioritetlərdən biri olacağını vurğulamışdır. Həmçinin Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendin ölkəmizə səfərini qeyd edərək, bu təşkilat çərçivəsində olan kiçik ada dövlətləri və bu kateqoriyadan olan digər ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi, onların üzləşdiyi ekzistensial problemlərlə bağlı məsələnin COP çərçivəsində qaldırılması və müxtəlif tədbirlərin keçirilməsinə toxunmuşdu. Öz növbəsində İan Borq ölkəsinin kiçik ada dövlətləri və inkişaf etməkdə olan dövlətlər konsepsiyasını yaxından dəstəklədiyini və bu ölkələrin Avropa İttifaqı ilə əlaqələrinin inkişafına daim dəstək verdiyini diqqətə çatdırmışdı.
Bəli, rəsmi Bakı  bu ölkələrə yardım etmək üçün əməli addımlar atmağa davam edidr. Belə ki, Azərbaycan 33 İnkişaf etməkdə olan kiçik ada dövlətinin təmsil olunduğu Millətlər Birliyi, o cümlədən digər beynəlxalq qurumlar vasitəsilə texniki yardım proqramları üçün vəsait də ayıracaq.

Prezident İlham Əliyevin Əliyevin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda Antiqua və Barbudada keçirilən 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində  deyilir ki, COP29-a sədrliyimiz zamanı iqlim dəyişikliyinin İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həlli prioritetlərimiz arasında olacaq: “ Biz Bakıda keçiriləcək COP zamanı inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısını keçirməyi planlaşdırırıq. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin səslərinin yüksək və aydın eşidilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik”. Məktubda həmçinin vurğulanır ki, indiyədək 10-dan çox İnkişaf etməkdə olan kiçik ada dövləti Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının Üzv Dövlətləri üçün təqdim etdiyi Təhsil Qrant Proqramlarından faydalanıb. Bundan sonra da bu proses davam etdiriləcək. Hətta inkişaf etməkdə olan kiçik ada dövlətlərinin vətəndaşlarına Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd imkanları genişləndiriləcək.  Azərbaycan, həmçinin bu ilin noyabrında Bakıda keçiriləcək COP29-da inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iştirakına dəstək verəcək. Şübhəsiz, bütün bunlar Azərbaycanın humanizm prinsiplərininə həssaslıqla yanaşmasının daha bir göstəricisidir.  
Bunu eyni zamanda rəsmi Bakının müstəmləkəçilik siyasətini kiçik dövlətlər üzərində davam etdirən Fransa kimi ölkəyə meydan oxuması kimi də dəyərləndirmək olar. Yeri gəlmişkən qeyd edək ki, kiçik ada dövlətləri də Azərbaycanın onlara verdiyi dəstəyi yüksək  dəyərləndirirlər.

Qvami Məhəbbətoğlu, “İki sahil”