Ölkəmiz müstəqillik qazandıqdan sonra regional və qlobal səviyyədə strateji enerji layihələrinin təşəbbüskarı olub. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və fəaliyyəti Azərbaycanı qlobal enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşa çevirib. Transmilli enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması ilə Azərbaycan qazı yeni mənbə kimi Avropa bazarına daxil olaraq, qitənin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq.
Avropa Komissiyası “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələri yenidən Avropa İttifaqının (Aİ) ümumi maraq layihələri (PCI) siyahısına daxil edib. Həmin layihələr Azərbaycan təbii qazını Gürcüstan-Türkiyə sərhədinə qədər daşıyacaq Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Türkiyədən keçərək Yunanıstanadək uzanacaq Transanadolu (TANAP) və Yunanıstan, Albaniya, Adriatik dənizindən keçməklə İtaliya sahillərinə çıxacaq Transadriatik (TAP) boru kəməridir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının bu ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.
Artıq “Şahdəniz-2” layihəsi üzrə işlərin ümumilikdə 97 faizdən çoxu tamamlanıb və bu, layihədən ilk qazın bu ildə əldə edilməsi planına uyğundur. “BP Azərbaycan” şirkətinin ötən ilin 9 ayının yekunlarına aid məlumatında bildirilir ki, oktyabrın 1-dək CQBK-nın genişləndirilməsi üzrə tikinti və istismar sınaqları da daxil olmaqla işlərin 98 faizi tamamlanıb. TANAP layihəsi üzrə ümumi işlərin 86 faizi başa çatıb. 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlərin 93, 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün tamamlanması nəzərdə tutulan işlərin isə 70 faizi görülüb.
SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev mətbuata bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın bu günə qədər reallaşdırdığı ən möhtəşəm transmilli layihələrdən biridir: “Bu layihə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək qazın 3500 kilometr məsafə qət etməklə, Xəzər dənizindən Avropaya nəql olunmasına xidmət edəcək. “Cənub Qaz Dəhlizi” 7 dövlətin, 10-dan artıq böyük şirkətin, təxminən bir bu qədər də topdan qaz alıcısının sıx əməkdaşlığı sayəsində həyata keçirilir. Layihənin ümumi dəyəri 40 milyard dollardan artıqdır. Azərbaycan bu layihənin təşəbbüsçüsü, lideri və aparıcı qüvvəsidir. “Cənub Qaz Dəhlizi” layihəsi tərəfdaş ölkələr və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində gerçəkləşdirildiyindən və Azərbaycanın gələcəyinə hesablanmış inkişaf strategiyasına xidmət etdiyindən, bu layihənin icrası daha böyük uğurlara stimul verməklə, ölkəmizə təkcə iqtisadi deyil, eyni zamanda çox ciddi siyasi dividendlər də gətirəcək. Bu layihə çərçivəsində istehlakçılara ildə 16 milyard kubmetr qaz verilməsi nəzərdə tutulur ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropa alıcılarına çatdırılacaq.”
İqtisadçı ekspert Vüqar Bayramov isə qeyd edib ki, TANAP-ın işə düşməsi ilə Azərbaycanın maliyyə imkanları xeyli dərəcədə artacaq: “TANAP layihəsi “Cənub Qaz Dəhlizi”nin əsas elementlərindən biridir. Bu layihənin reallaşması ilə Azərbaycan Türkiyə bazarına daha böyük həcmdə “mavi yanacaq”la çıxmaq imkanı qazanacaq. Bu mənada TANAP ölkəmizin gəlirlərinin artması baxımından vacibdir. “Şahdəniz-2” yatağının istifadəsi ilə və “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycana 150 milyard dollara yaxın vəsaitin daxil olması gözlənilir. Buradan da görürük ki, sözügedən layihələr ölkəyə daha çox valyutanın daxil olması baxımından xüsusi əhəmiyyətlidir. Bu layihələr siyasi baxımdan da mühümdür, Azərbaycanın regiondakı mövqeyinin güclənməsinə xidmət edir. Həmçinin layihənin reallaşması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu artıracaq. Prosesin reallaşması ilə Azərbaycanla Avropa Birliyi arasındakı əlaqələr daha da intensivləşəcək. Onu da qeyd edim ki, TANAP, TAP kimi layihələr məhz ölkə Prezidentinin siyasi iradəsi nəticəsində reallaşan layihələrdir.”
Orxan Vahidoğlu, “İki sahil”