Son illər Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlər ölkənin hər bir sahəsində uğur qazanmağa böyük imkanlar yaradır. Bu gün bu imkanlardan yararlanan sahələrdən biri də tikinti sahəsidir. Tikinti bütün dövrlərdə olduğu kimi, bu gün də dövlətin apardığı siyasətin vacib istiqamətlərindən biri hesb edilir. Tikinitini digər sahələrdən fərqləndirən cəhət onun çoxsahəli olmasıdır. Mükəmməl tikintini həyata keçirmək üçün isə təcrübəli layihəçiləri, memarları, konstruktorları cəlb etmək əsas şərtlərdən biridir.
Respublikamızda layihə və inşaatla məşğul olan şirkətlər çoxdur. Onlardan biri də “Kəpəz” Yaradıcılıq İstehsalat Firmasıdır (YİF). Firmanın yaranmasından 25 il keçir. Bu illər ərzində firmanın uğurları çox olub. Bu uğurların arxasında firmanın kollektivinin böyük zəhməti dayanır. Firmanın hər bir işçisi tutduğu vəzifəsindən asılı olmayaraq tapşırılan işin vaxtında yerinə yetirilməsinə səylə çalışır, nəticədə yeni bir uğura imza atmış olur.
“Kəpəz” YİF-in yaranmasında Azərbaycan Memarlar İttifaqının üzvü, respublikanın tanınmış memarı, firmanı direktoru Nizami Kərimovun böyük əməyi var. Nizami Kərimov uzun illər layihə və inşaat sahəsinə çalışıb. O, peşəsinin ustası sayıla bilən peşəkar memardır. Qeyd edək ki, Nizami Kərimov 1948-ci ildə anadan olub. 1971-1976-cı illərdə indiki Azərbaycan Memarlıq və İnşaat Universitində “memarlıq” ixtisası üzrə təhsil alıb.
N.Kərimov memarlıq fəaliyyətinə Azərbaycan “Kommunal Layihə” İnstitutunda başlayıb. 1981-ci ildə Səhiyyə Nazirliyinin “Layihə-Smeta” bürosuna baş mühəndis vəzifəsinə dəvət edilib, uzun illər bu təşkilatda çalışıb. Bu illər ərzində səhiyyə ocaqlarının layihələndirilməsində böyük əməyi olub. O “Kəpəz” YİF-i yaradan zaman onunla birgə çalışan və başqalarından iş qabiliyyətinə görə fərqlənən memarlardan Akif Əlimuradovu və Hakim Nuriyevi firmaya cəlb edib. Firmada çalışan insanlar çox təcrübəli və öz sahələrinin peşəkarıdırlar. Firmanın baş mühəndisi Xəzani Kərimovun inşaat işlərinin aparılmasında, təşkilində böyük rolu var.
“Kəpəz” YİF-in fəaliyyəti ilə yaxından tanış olmaq üçün Nizami Kərimovla söhbət etdik. Müsahibimiz bildirdi ki, Azərbaycan bu gün sürətlə inkişaf edir və dünya miqyasında öz yerini daha da möhkəmləndirir: “Sanaye, kənd təsərrüfatı sektorları kimi inşaat sahəsi də böyüyür və inkişaf edir. Bu sahədə işlərin görülməsində “Kəpəz” Yaradıcılıq İstehsalat Firmasının öz payı var. “Kəpəz” YİF layihə və inşaatla məşğul olan müəssisədir. “Kəpəz” YİF-in fəaliyyət dairəsi genişdir. Həm paytaxt Bakıda, həm də regionlarda layihə və tikinti işlərini çox uğurla aparır. Firma fərdi işlərlə bərabər, dövlət sifarişlərini də yerinə yetirir. “Kəpəz” YİF üçün əsas meyar keyfiyyətdir. Layihələndirilən və tikilən binalar ilk öncə möhkəmlik etibarlılığı ilə təhlükəsizlik standartlarına tam cavab verir. Yaradıcı kollektiv hər bir layihəyə fərdi yanaşır, bu da özünü qeyri-adi memarlıq nümunələrində göstərir. Firmanın mütəxəssisləri sifarişçinin etimadını doğruldur, lazım olduqda məsuliyyəti öz üzərilərinə götürməkdən qorxmurlar.”
“Kəpəz” YİF müxtəlif obyektlərin layihəsi ilə məşğuldur. Kollektiv həm müalicə-profilaktik müəssisələrin, yaşayış, sosial obyektlərin, inzibatı binalar, fərdi yaşayış evlərinin layihələndirilməsi ilə tanınır.
Nizami Kərimovun sözlərinə görə, uğurlu layihələrin sayı kifayət qədərdir: “Belə layihələrdən biri də Heydər Əliyev Fondunun sifarişi ilə layihələndirilən və həyata keçirilən “Qayğı” Uşaq Reablitasiya Mərkəzidir. Qeyd edim ki, ölkənin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva mərkəzin açılışında iştirak edib və görülən işləri yüksək qiymətləndirib. Müasir dizaynı ilə seçilən bu mərkəz xüsusi qayğıya ehtiyacı olan uşaqların reablitasiyası sahəsində yeni imkanlar açır. Uşaqların zövqünə uyğun qurulan, müasir avadanlıqlarla təchiz edilən mərkəz sağlamlığında problemləri olan uşaqların peşəkar bərpasına və inkişafına böyük fayda verir. Bununla yanaşı, firmamız müxtəlif növ obyektlərin layihələndirilməsi ilə məşğul olur. Müxtəlif növ yaşayış binalarının layihələndirilməsi kollektivimizin yaradıcılığında xüsusi yer tutur. Belə layihələrdən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində 12 mərtəbəli yaşayış binasını, Lökbatan qəsəbəsində 9 mərtəbəli 64 məzilli, həmçinin 248 mənzilli yaşayış kompleksini, Xətai rayonunda layihələndirilən, tikilib istifadəyə verilən yaşayış kompleksini göstərmək olar.”
Firmanın həyata keçirdiyi layihələr sırasında məktəb tikintisi üçün işlənən layihələr xüsusi yer tutur. Türkan qəsəbəsində 119 saylı orta məktəbin yeni 300 şagird yerlik tədris korpusu, Binə qəsəbəsində 117 saylı 1040 şagird yerlik yeni tədris korpusu, Nizami rayonu Keşlə qəsəbəsində 640 şagird yerlik məktəb binası, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində 440 şagird yerlik məktəb binası kollektivimizin uğurlu işlərindən sayıla bilər. Firmanın kollektivi bu gün çoxlu sayda layihələrin üzərində yaradıcılıq axtarışlarını uğurla davam etdirir. Firma layihə işləri ilə bərabər həm də inşaat işləri ilə də məşğul olur. Qısa müddətdə tikilib təhvil verilmiş layihələrdən Zaqatala rayonu Əliabad kəndində məktəb binası, müharibə veteranları üçün 36 məzilli yaşayış evi, Muxax kəndində və Qazangül qəsəbəsində məktəb binası, Bakı şəhərindəki “Qızla evi”, ticarət mərkəzləri, ofis binalarını göstərmək olar.
Qeyd edək ki, “Kəpəz” YİF-in ən böyük uğurlarından biri olan Naftalan şəhərində inşa edilən 200 çarpayılıq sanatoriya kompleksi özünün memarlığı, müasirliyi baxımında seçilir. Belə kompleks nəinki Azərbaycanda, hətta MDB məkanında analoqu olmayan bir sağlamlıq mərkəzidir. Mərkəz təyinatına görə dünyanın hər yerindən insanları cəlb etmək imkanına malikdir. Bu kompleksdə müalicə alan və istirahət edən insanların rahatlığı üçün hər cür şərait yaradılıb. Kompleksə poliklinika, fizioterapiya, psixoterapiya, fitoterapiya, idman-müalicə və su-müalicə şöbələri daxildir. Hovuz kompleksi, yeməkxana bloku və Naftalan vannalar şöbəsi isti keçir vasitəsilə əsas korpusa birləşdirilib. Bütün tibbi avadanlıqlar Avropa istehsalıdır. Kompleksin memarlıq həllində N.Kərimov başda olmaqla, memar H.Nuriyevin, A.Əlimuradovun və mühəndis-konstruktor Ç.Əhmədovanın böyük əməyi olub.
Nizami Kərimovun sözlərinə görə, bu gün firma SOCAR-ın sifarişlərini uğurla yerinə yetirir. Elə bunun nəticəsidir ki, Nizami Kərimov neft və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə, SOCAR-ın fəxri fərmanı ilə təltif edilib. N.Kərimov qeyd edir ki, SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev, eyni zamanda SOCAR-ın sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov şirkətin sifarişi ilə layihələndirilən və tikintisi aparılan işlərlə yaxından maraqlanır, öz fikir və tövsiyələrini bildirirlər: “Bu isə bizdə məsuliyyət hissini daha da artırır. Məhz SOCAR rəhbərliyinin köməkliyi nəticəsində işlər vaxtından əvvəl və yüksək səviyyədə yerinə yetirilir. Qarşımızda böyük hədəflər var. Bu hədəflərə çatmaq və daha böyük uğurlara imza atmaq üçün bundan sonra da səylə çalışacağıq.”
Nail Rəhimzadə, “İki sahil”