Bir çox ölkələrdə insanlar həyat şəraitlərini daha da asanlaşdırmaq üçün "ağıllı" evlərdə yaşamağa üstünlük verirlər. Son dövrlər ölkəmizdə də "ağıllı" ev sistemlərinin quraşdırılmasına maraq var. Bəs böyük sərmayələr olmadan “ağıllı” evi necə qurmaq olar?
Əvvəlcə evinizdə nə üçün “ağıllı” cihazlara ehtiyacınız olduğunu müəyyənləşdirməlisiniz. Çoxlu sayda “ağıllı” qurğu var. Buna görə də ilk növbədə smart cihazları evin hansı hissələrində istifadə etmək istədiyinizə qərar verməli və sonra uyğun olanları seçməlisiniz.
Nəyə ehtiyacınız var?
Evinizdəki “ağıllı” cihazların hansı sahələrdə olmasını istədiyinizi təyin edərək seçim etməlisiniz. Evinizdə işıqlandırma, rozetka və ya səs üçün smart cihazlar seçə bilərsiniz. Yeni nəsil tozsoranlar kimi “ağıllı” cihazlar da evdə təmizliyi asanlaşdırır.
Quraşdırmaq çox sadədir
Hər bir cihazı quraşdırdıqdan sonra onu bir-birinə bağlamalısınız. Mobil tətbiqetmə vasitəsilə idarə olunan cihazlar Wi-Fi şəbəkəsinə qoşulmaqla işləyir. Əlaqələri düzgün qurduğunuz zaman ondan çox daha rahat istifadə edə bilərsiniz.
Hər smart cihazın öz tətbiqi var
Evinizdə istifadə etdiyiniz bütün “ağıllı” cihazların öz tətbiqi var. Bu proqramları yükləməklə onları daha səmərəli istifadə edə bilərsiniz. Eyni marka cihazlar bir tətbiqetmədə birləşdirilə bildiyi üçün istifadəsi daha asandır. Fərqli marka məhsullarınız varsa, hər biri üçün ayrı-ayrı proqram yükləməlisiniz.
Doğru tətbiqlər evinizi “ağıllı” edir
Tətbiqləri nə qədər yaxşı istifadə etsəniz, eviniz o qədər “ağıllı” olacaq. Tətbiqlər evi uzaqdan izləmək və idarə etmək imkanı yaradır. Buna görə də tətbiqləri yaxşı öyrənməlisiniz və onlardan ən səmərəli şəkildə istifadə etməyə çalışmalısınız.
Bəs, təhlükəsizlik?
Bu sual bir az çaşqınlıq yaradır. Bütün cihazların bir-birinə Wi-Fi vasitəsilə bağlı olması qorxulu ola bilər. Ancaq əslində nəzarət etmək o qədər də çətin deyil. Güclü şifrələrdən istifadə edərək təhlükəsizliyinizi təmin edə bilərsiniz. Smart cihazlardan istifadə edərkən təhlükəsizliklə bağlı diqqətli olmaq faydalıdır.
Nigar Orucova, “İki sahil”