29 may 2024 22:53
398

Qüdsdə 2300 illik üzük

İsrail arxeoloqları Yerusəlimin (Qüds) ən qədim yaşayış məskəni olan Davud şəhərində qazıntılar zamanı tünd qırmızı qiymətli daş, çox güman ki, qranat olan kiçik qızıl üzük tapıblar.

Üzüyün diametri o qədər kiçikdir ki, mütəxəssislərin fikrincə, o, eramızdan əvvəl 332-ci ildə Makedoniyalı İsgəndərin ordusu tərəfindən İsrailin fəthindən sonra Ellinizm dövrünün əvvəllərində Qüdsdə yaşayan qız və ya oğlana aid ola bilər. Üzüyü kəşf edən arxeoloq Tehiyya Qanqat bildirib ki, ölçüsünə görə də qadının kiçik barmağına uyğundur.

“Mən torpağı ələkdən keçirirdim və birdən nəyinsə parıldadığını gördüm. Belə bir tapıntı hər gün baş vermir. Mən həmişə qızıl-zinət əşyaları tapmaq arzusunda olmuşam və çox şadam ki, bu arzum analıq məzuniyyətinə getməmişdən bir həftə əvvəl gerçəkləşdi”,-deyə arxeoloq Qanqat bildirib.

Üzüyün hazırlandığı qızılın çox keyfiyyətli və qatqısız olması zərgərlik məmulatının mükəmməl saxlanmasına imkan verib- o, min illər keçməsinə baxmayaraq, təzə kimi görünür. Üzüyün hazırlanma üslubu, xüsusən də forması zinət əşyasının yaşını göstərir və bu, eramızdan əvvəl 4-cü əsrin sonu - 3-cü əsrin əvvəlidir. Mütəxəssislərin fikrincə, o zaman belə üzüklər dəbdə olub.

İndiyə qədər belə hesab edilirdi ki, o dövrdə Qüds Məbəd dağının cənub-şərq yamacında yerləşən kiçik, nisbətən kasıb bir yaşayış məntəqəsi idi. Bununla belə, yeni kəşflər fərqli mənzərə yaradır - aşkar edilmiş iri yaşayış binaları və ictimai binaların xarabalıqları, eləcə də qızıl-zinət əşyaları onun böyük, zəngin ticarətlə məşğul olan şəhər olduğunu göstərir.

Yerusəlimin varlı sakinləri, görünür, Makedoniyalı İsgəndərin ordusu ilə birlikdə Şərqi Aralıq dənizinə yayılan lüks, qızıl və qiymətli daşlara olan sevgisi ilə Ellinist həyat tərzini asanlıqla qəbul edirdilər.

Nubar Süleymanova, “İki sahil”