04 iyun 2024 02:35
485

“Maybach”dan daha üstün: Cəmi 250 ədəd…

İqtisadi böhran? Xeyr, deyəsən belə bir problem yoxdur. Monakoda “Mercedes-Benz”in yeni məhsulunun möhtəşəm təqdimatı baş tutub. Bu, ən elit təbəqə üçün cəmi 250 ədəd buraxılışda istehsal olunacaq “PureSpeed” ​​kolleksiyasıdır.

Bir neçə il əvvəl “Mercedes-Benz” yeni brend inkişaf strategiyasını elan etmişdi. Kompakt modellərin çeşidini xüsusi olaraq azaltmaq və əksinə, daha bahalı və dəbdəbəli avtomobillərə diqqət yetirmək qərara alınmışdı. Daha sonra model çeşidi üç qrupa bölündü: “Entry Luxury”, “Core Luxury” və “Top-End Luxury”.

Bundan sonra elan olundu ki, ən yüksək qiymətli modellərin sonuncu qrupunun başında “Mercedes-Maybach” deyil, son dərəcə bahalı və ultra lüks avtomobillərin tamamilə yeni seriyası olacaq. Bu məhdud seriya “Mythos”dur.

Adi gözlə görmək olar ki, avtomobil 2021-ci ilin indiki nəsil “R232” kabriolet modelinin “Mercedes-AMG SL” bazasında hazırlanıb. Yeni məhsulda kuzovun ön və arxa hissələrinin orijinal dizaynı var, lakin işıqlandırma avadanlıqları və qapılar olduğu kimi qalır.

Avtomobildə ümumiyyətlə, dam və ya şüşə yoxdur. Ön şüşənin əvəzinə, hava axınını sürücülərin üzərinə yönəldən deflektorlar quraşdırılıb, oturacaqların baş dayaqlarının arxasında yüksək pərdələr var və onların arasında “Formula 1” avtomobillərindəki “Halo” kokpit mühafizə sisteminə bənzər bir qövs var.

Radiator barmaqlığı olmayan yastılaşdırılmış “burun” “Mercedes-AMG One” hiperkarını xatırladır, kuzovun rəngi isə yüz il əvvəl, 1924-cü ildə məşhur “Targa Florio” yarışında qalib gələn tarixi “Mercedes Tipo Indy 2000”ə istinad edir. Eyni rəngə boyanmış iki dəbilqə avtomobilə pulsuz verilir. Korpusun perimetri boyunca karbon lifindən hazırlanmış aerodinamik elementlər quraşdırılıb.

Nubar Süleymanova, “İki sahil”