Alimlər həm şüurlu, həm də şüursuz olaraq qəbul edilən təbii qoxuların duyğularımıza, düşüncələrimizə və fiziki sağlamlığımıza necə təsir edə biləcəyini öyrənmək üçün bir tədqiqat həyata keçiriblər.
Təbiətin insan sağlamlığına necə təsir etdiyini bilmək təkcə sağlamlıq üçün faydalı deyil, həm də insanların planetə qayğı göstərmə, ekosistemləri qoruma, şəhərləri, evləri və parkları dizayn etmək tərzini yaxşılaşdıra bilər. Alimlər bildirirlər ki, təbiətdə qısa müddət qalmaq belə insan üçün faydalı ola bilər: məsələn, bir araşdırma göstərib ki, xəstəxana xəstələrinin otağının pəncərəsində “təbii mühit”-təbiət mənzərəsi olduqda daha tez sağalırlar. Beləliklə, Qərb alimləri burnun “duyduğuna” daha çox diqqət yetirməyə qərar veriblər.
"Biz qoxular dünyasına qərq olmuşuq və onları emal edən mürəkkəb qoxu sistemimiz var. Bu, son nəticədə emosiyalarımıza və davranışlarımıza təsir edir", -deyə mütəxəssis Qreqori Bratman deyib. “Təbiəti müşahidə etməyin faydaları ilə bağlı araşdırmalarla müqayisədə, biz təbiətin qoxularının və qoxu hisslərinin bizə necə təsir etdiyi barədə xeyli az bilirik”, -o bildirib.
Mayın 15-də “Science Advances” jurnalında dərc olunan məqalədə Bratman və onun dünyanın müxtəlif yerlərindən olan həmkarları təbii mühitin qoxularının və şəraitinin insan sağlamlığına və rifahına necə təsir etdiyinə dair araşdırmaları genişləndirməyin yollarına işarə ediblər.
Bəzi qoxular insan üçün "universal" şərhə malik ola bilər, məsələn, demək olar ki, həmişə xoş qoxu verən bir şey ətirli bir çiçək. Oksford Universitetindən Asifa Macid tərəfindən aparılan araşdırmanın göstərdiyi kimi qoxular xüsusi xatirələrlə sıx əlaqəli ola bilər və ya insanın mədəniyyətindən və şəxsi təcrübələrindən asılı olaraq dəyişən assosiasiyalara və şərhlərə malik ola bilər.
Nubar Süleymanova, “İki sahil”