Azərbaycan Avropaya “yaşıl enerji”nin əsas tədarükçüsü olmaq üçün böyük potensiala malikdir
Azərbaycan neftdən, sonra təbii qazdan başlayaraq, indi isə bərpaolunan enerji mənbələri vasitəsilə diversifikasiya hesabına özünü enerji sektorunda əsas oyunçu kimi təsdiqləyib. Ölkəmiz mühüm enerji təhlükəsizliyinə və dayanıqlılığa nail olub. Bu zaman beynəlxalq əməkdaşlıq kritik elementdir. Ədalətli, nizamlı, məqbul və iqtisadi cəhətdən səmərəli enerji keçidinin təmin edilməsi onun geniş şəkildə tətbiqi və uzunmüddətli dayanıqlılığı üçün həlledici əhəmiyyət kəsb edir. Əks təqdirdə enerji dilemmasının həlli gələcəkdə daha da mürəkkəbləşəcək.
Proqnozlara görə, dünyanın enerjiyə tələbatı 2050-ci ilədək 20 faiz artacaq. Bu, əhalinin artımı ilə əlaqəlidir. Üstəlik bu artımın 95 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Bu problemin kəskinləşməsində sosial-iqtisadi inkişaf və qlobal iqtisadiyyatın həcminin ikiqat artması da öz rolunu oynayacaq.
Belə bir şəraitdə COP29 konfransının müasir neft dövrünün başladığı Azərbaycanda keçirilməsi haqqında qərar sevindirici addımdır. Bu tədbirin ölkəmizdə keçirilməsi keçmişlə gələcəyi birləşdirəcək. Başqa sözlə ifadə etməli olsaq bu hadisə enerji əməkdaşlığında yeni, mütərəqqi və praqmatik dövrün başlanğıc nöqtəsi olacaq.
Bəli, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.
Azərbaycan öz enerji imkanlarından fəal şəkildə istifadə etməklə külək və günəş enerjisi perspektivlərini, eləcə də qaz ehtiyatlarının inkişafı və ixracını araşdırır. Azərbaycan ölkə daxilində bərpaolunan enerji mənbələrindən istifadənin artırılması yollarını nəzərdən keçirir, həmçinin enerji təhlükəsizliyini təmin etmək üçün qaz tədarükü vasitəsilə Avropa ölkələrinə yardım göstərir. Ölkəmiz eyni zamanda tullantıların azaldılmasına da mühüm töhfə verir. Respublikamızın həm quruda, həm də dənizdə “yaşıl enerji”nin, xüsusən külək enerjisinin inkişafı üçün böyük potensialı var. Burada hidrogen kimi digər təmiz enerji texnologiyaları da mühüm rol oynaya bilər. Hidrogen tullantıları azaltmağa kömək edən ən mühüm texnologiyadır. Bu, Azərbaycanın artıq mühüm töhfə verdiyi və bir çox enerji idxal edən ölkələrə tullantıların azaldılması yolunu tutmağa kömək göstərdiyi sahədir. Böyük həcmdə bərpaolunan resurslara, eləcə də “Şahdəniz” yatağında təbii qaz ehtiyatlarına birbaşa çıxışa malik olan Azərbaycan həm “yaşıl”, həm də “mavi” hidrogenin hasilatı üçün qabaqcıl imkanlara malikdir. Bundan başqa, təbii qazın tədarükü üzrə mövcud infrastruktur olan Cənub Qaz Dəhlizi potensial olaraq ixrac məqsədilə hidrogeni təbii qazla qarışdırmağa imkan verəcək.
Bir sözlə, Azərbaycan Avropaya “yaşıl enerji”nin əsas tədarükçüsü olmaq üçün unikal imkana sahibdir. Burada bərpaolunan enerji istehsalı potensialı göz qarşısındadır. Prezident İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində üç elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib. “Masdar” şirkəti (BƏƏ) Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Abşeron-Qaradağda isə 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək. Bu elektrik stansiyalarının ümumi qoyuluş gücü 1000 MVt olacaq.
Bərpa olunan və ənənəvi enerjinin, o cümlədən neft və qaz hasilatının, karbonsuzlaşdırılmlış və minimum karbon emissiyaları ilə uyğunluğu daha dayanıqlı enerji strukturu formalaşdırır.
2023-cü ilin sonunda Azərbaycanda bərpaolunan elektrik enerjisinin istehsalı üzrə quraşdırılmış güc 7,5 QVt təşkil edib. Lakin ölkədə bərpaolunan enerji mənbələrinin potensialı (təqribən 27 QVt) daha yüksəkdir. Günəş enerjisi əsas hissəni, yəni 23 GVt təşkil edir, quruda külək potensialı isə təqribən 3 GVt təşkil edir. Azərbaycan, həmçinin 157 GVt həcmində qiymətləndirilən dənizdə külək enerjisi potensialına malikdir ki, bu da mövcud quraşdırılmış gücdən 20 dəfə çoxdur. O cümlədən iqtisadi, texniki və digər aspektləri hərtərəfli qiymətləndirdikdən sonra ortamüddətli və uzunmüddətli perspektivdə bu potensialın istifadəsi planlaşdırılır.
Azərbaycan bərpaolunan enerjinin quraşdırılmış gücdə payını 2026-cı ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmağa çalışır. 2027-ci ilədək 3 GVt külək enerjisi və 1 GVt günəş enerjisinin istehsal olunması planlaşdırır və bu istehsalın 80 faizinin ixracı nəzərdə tutulur. 2037-ci ilədək isə gücün minimum 6 GVt-a qədər artacağı gözlənilir.
Cavid Əkbər, “İki sahil”