Hər il olduğu kimi, bu il də Yeni il bayramı ərəfəsində Naxçıvan şəhərindəki kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında əhalinin bütün növ ərzaq məhsullarına tələbatının ödənilməsi üçün ucuz qiymətə pərakəndə ticarət xidmətləri təşkil olunub.
Naxçıvan şəhəri, Xətai küçəsindəki mərkəzi bazarda dekabrın 25-dən 31-dək təşkil olunan yarmarkada yerli məhsulların istehsalı üzrə ixtisaslaşmış 44 sahibkar tərəfindən alıcılara 147 adda və 250 çeşiddə məhsul təqdim edilir. Bundan əlavə, idxal mənşəli meyvə-tərəvəz məhsullarının topdan qiymətinə pərakəndə satışı üzrə 8 sahibkar da burada xidmətlər göstərir. Hər gün səhər saat 8-dən başlayan yarmarkada alıcıların rahat alış-veriş etmələri üçün lazımi şərait yaradılıb. Yarmarkaya məhsul gətirən sahibkarlarla yanaşı, muxtar respublikanın bütün bölgələrindən ailə təsərrüfatlarının istehsalı olan “Orqanik məhsul” etiketli çox çeşiddə məhsulları bazar qiymətlərindən 10-25 faiz aşağı qiymətlərlə almaq mümkündür.
“Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yerin satıcısı Ramil Dünyamalıyev bildirir ki, məhsullara tələbat böyükdür. Hər gün çox sayda alıcı nəfis qablaşdırılmış yüksəkkeyfiyyətli quru meyvələrdən, pendir, turşu, cem və kompotlardan alır. Onlar da çalışırlar ki, bayramqabağı bütün alıcıların tələbatlarını ödəyən məhsulları satışa çıxarsınlar.
Şərur rayonunun Muğanlı kənd sakini Cəfər Səfərov və vərməziyarlı Əlövsət Məmmədov da yarmarkanın təşkilindən razılıq edirlər. Bildirirlər ki, öz fərdi təsərrüfatlarının məhsulu olan gülkələm, çuğundur, sarımsaq, alma, armud, yerkökü, turp, qabaq, kartof, soğan alıcılar tərəfindən həvəslə alınır.
Şahbuz rayonunun nemətlərini alıcılara tanıdan Keçili kəndindən gəlmiş Sərvər Əliyev də yarmarkanın təşkilindən razıdır. O, satmağa gətirdiyi zirincə, həmərsinə, keçi pendirinə, dağ armudu turşusuna, qoz-fındıq ləpəsinə tələbat olduğunu deyir. Nehrəmli təsərrüfatçı Füzuli Həsənovla, ordubadlı Aslan Rüstəmov da yarmarkanın təşkilindən razılıqla danışırdılar. Şübhəsiz, onların piştaxtaya düzdüyü Nehrəm pendirini, qarpız mürəbbəsini və turşusunu, hər çeşiddə Ordubad mürəbbələrini, sucuğu, lavaşı təkcə Naxçıvanda deyil, ölkəmizin digər yerlərində də alıcılar yaxşı tanıyırlar.
Yarmarkada olduğumuz müddətdə məhsul bolluğu diqqətimizi çəkdi. Hər il olduğu kimi, bu il də əhalinin istehlak zənbilinin geniş olması üçün qiymətlər nəzarətdə saxlanılıb, ucuzluq yaradılıb. Bu iş çətin olsa da, halal zəhmətlə başa gələn hər bir nemətin müştərisi çox, bərəkəti bol olur. Qoy, bayram süfrəmizdə həmişə belə bolluq olsun.
AZƏRTAC–ın Naxçıvan Muxtar Respublikasındakı bürosu