Artıq başa çatmaqda olan 2017-ci il ölkəmiz üçün əlamətdar hadisələrlə yadda qaldı. Belə önəmli hadisələrdən biri heç şübhəsiz ki, qlobal nəqliyyat layihəsi olan Bakı-Tibilisi-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi idi. Avrasiya məkanı üçün yeni və çox önəmli yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eyni zamanda, qədim İpək Yolunun polad magistrallar üzərində bərpası idi. Ölkəmizin beynəlxalq aləmdəki rolunu daha da artıran və iqtisadi cəhətdən son dərəcə əhəmiyyətli olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair saziş 2007-ci ildə Tbilisidə imzalanmışdı. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyularaq icra prosesinə start verildi. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirildi. Bu gün artıq beynəlxalq yüklərin etibarlı şəkildə daşındığı 846 kilometrlik Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın, 263 kilometri Gürcüstanın, 79 kilometri isə Türkiyənin ərazisindən keçir.
2017-ci ilin 30 oktyabrında Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli surətdə açılış mərasimi kiçirilən Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin-Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Belə ki, bu xətlə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon nəfər sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. Bu, isə o deməkdir ki, Azərbaycanla yanaşı Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək.
Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqinin iki dəfəyədək azalıb ki, bu da layihənin iqtisadi səmərəsini daha da artıran ən başlıca amillərdən biridir.
Bakı-Tbilisi-Qars dəmir yolunun digər önəmli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Bu dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə görə qlobal əhəmiyyətə malik olan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir.
Taleh Bağırov, “İki sahil”