11 iyun 2024 15:58
231

Radiotezliklər üzrə Dövlət Komissiyası bu il 19 müraciəti müsbət cavablandırıb

Bu ilin əvvəlindən Radiotezliklər üzrə Dövlət Komissiyası 19 müraciəti müsbət cavablandırıb və müvafiq icazələr verib.

“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi məlumat yayıb.

Bildirilir ki, ötən dövrdə Komissiyaya 25 müraciət daxil olub. Bunun 11-i radiorabitənin təşkili məqsədilə istifadə olunan radiostansiyalar, 4-ü simsiz giriş şəbəkələri, 4-ü gəmilərdə istifadə edilən radio avadanlıqlar, 5-i GNSS (Global Navigation Satellite System) məlumatlarının ötürülməsi üçün radiotezliklərin ayrılması ilə bağlı olub. 1 müraciət isə hüquqi şəxsin adında dəyişikliklə əlaqədar edilib.

Dövlət Komissiyasının iclasında 5 müraciətçiyə isə alternativ tezlik resurslarından istifadə etmək təklif edilib.

Bundan başqa, Dövlət Komissiyasının müvafiq qərarları ilə əvvəlki iclaslarda tezliklərin ayrılmasına icazə verilmiş, lakin radiorabitə şəbəkələrinin istifadəsini dayandıraraq könüllü olaraq radiotezlik istifadəsindən “Lisenziyalar və icazələr haqqında” qanunun 26-cı maddəsinə uyğun olaraq imtina edən 3 hüquqi şəxs üçün Dövlət Komissiyasının tezlik ayrılması barədə qərarları ləğv edilib. Ümumilikdə 7 ədəd tezlik resursu (radiotezlik nominalı) dövlət resursu kimi geri alınıb.

Həmçinin Dövlət Komissiyasının iclasında “T-DAB (DAB+) standartlı yerüstü rəqəmsal səs yayımı stansiyalarının 174-230 MHs radiotezlik zolağından istifadə şərtləri” təsdiq edilib.