13 iyun 2024 16:29
252

Heydər Əliyev siyasi yolu müstəqilliyin, suverenliyin, inkişaf və tərəqqinin qarantıdır - Bəhruz Məhərrəmov

Konstitusiyamızın birinci maddəsinin ilk cümləsində ifadə olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Dövlətçiliyin, suverenliyin, demokratiyanın da ehtiva olunduğu bu konseptual cümlənin hər hansı tarixi hadisə və yaxud proses ekvivalentini tapmaq istəsək bu şübhəsiz ki, 15 iyun Milli Qurtuluş Günü olardı. Çünki 31 il əvvəl legitim hakimiyyətin yeganə mənbəyi olan xalq taleyini məhz Heydər Əliyevə etibarə etdi. Bu prosesi düzgün qiymətləndirmək üçün təbii ki, ilk növbədə Azərbaycan tarixinin həmin o faciəvi səhifələrini, həmin dövrün tarixi-siyasi ab-havasının təhlil olunması vacibdir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söylədi.

Hakimiyyəti zəbt eləmiş AXC-Müsavat cütlüyü nəyin bahasına olursa-olsun...

Deputat qeyd etdi ki, Milli Məclisin 16 iyun 1993-cü il Qərarında da ifadə olunduğu kimi, o dövrdə hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talanması, sosial-siyasi və mədəni həyatda qarmaqarışıqlıq, özbaşınalıq, hərc-mərclik 1993-cü ilin iyuna qədərki son 1 ilin əsas xarakterik əlamətləri idi. Hakimiyyəti zəbt eləmiş AXC-Müsavat cütlüyü də bütün bu problemlərin nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaq, hakimiyyətdə olduqları dönəmdə xalqın sərvətlərini talamaq, onların bu fəaliyyətlərinin qarşısını ala biləcək yeganə Lider, xalqın tək ümid yeri olan Heydər Əliyevin fiziki məhvinə nail olmaq üçün bütün ssenarilərə hazır idilər. Təsəvvür edin, ölkə günü-gündən uçuruma yuvarlanır, torpaqların işğal olunduğu bir şəraitdə xalqa qarşı ən ağır cinayətləri törədən ö dövrdəki iqtidar xalqın gözünün Naxçıvana tikildiyini görərək bütün potensialını Heydər Əliyevlə mübarizəyə, Naxçıvana qarşı düşmənçilik münasibətinə səfərbər eləmişdilər. Onların bu cılız məqsədləri, təbii ki, aciz psixologiyaları, prinsipsizliyi, qətiyyətsiz və kor-koranə addımları xalqın səbrini son həddə çatdırdı.

Səbatsız idarəçilik, qardaş qırğını, qarşıdurma, xaos

Ölkədə ciddi narazılıq yarandı, o cümlədən səbatsız idarəçilik qardaş qırğınına yol açdı, qarşıdurma, hakimiyyət böhranına gətirib çıxardı. Orduda nizam-intizam zəiflədi, nəticədə Ermənistan tərəfindən Ağdam, Füzuli Cəbrayıl istiqamətlərində hücumlar şiddətləndi, ciddi itkilər verildi, strateji mövqelər itirildi, bu rayonların işğalı labüdləşdi. Dövlətin kadr siyasətinin, həmçinin AXC-nin olmayan potensialına söykənməsi, bir qayda olaraq ancaq populist və başıpozuq, özü barədə ancaq yüksək qənaətdə olan dırnaqarası meydan yetirdirmələrinin irəli çəkilməsi, şəxsi sədaqət, dostbazlıq, qohumbazlıq prinsiplərinə görə vəzifələrə təyinat, idarəçiliyi daha da böhrana sürüklədi. Heydər Əliyevin xalqın təkidli tələbi ilə paytaxta qayıtdığı həmin perionlarda özlüyündə həm də bir həqiqət də meydana çıxdı ki, AXC-Müsavat iqtidarı savadsız, prinsipsiz və talançı olduğu qədər həm də qorxaqlardan ibarət idi. Təsəvvür edin ki, vəziyyətin ağırlığına baxmayaraq həmin dövr respublika rəhbərliyindən heç kim qardaş qırğınının yaşandığı Gəncədə hadisə yerində olmamışdı.

Nəticədə xalqın təkidli tələbi ilə Bakıya gəlmiş Ulu Öndər özü həyatını təhlükəyə ataraq Gəncəyə getməli oldu. Açıq demək lazımdır, o dövrün iqtidar mənsublarını Azadlıq meydanında dar ağacından sallanmaqdan xilas elədi. Azərbaycan xalqı bir daha gördü ki, bu cür qorxaq və prinsipsiz hakimiyyətin, dövlətin uçuruma səbəb olması labüddür və ona görə də hakimiyyətin yeganə mənbəyi olan xalq bu satqınların hakimiyyət yolunu birdəfəlik bağladı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən bir il keçməmiş artıq ordu quruldu, əks hücumla Cəbrayılın, Füzulinin kəndləri, Horadiz qəsəbəsi düşməndən azad olundu. Ermənistan o zaman bizim çox ehtiyacımız olan atəşkəs sazişinin imzalanmasına məcbur edildi. Sonrakı dövrdə atılan addımlar, başlanan şərəfli yol barədə isə günlərlə danışmaq olar.

Tarix özü ən azı dəfələrlə göstərdi ki, Azərbaycan dövləti yalnız Heydər Əliyev yolunda yürüdükcə var olur

Bu gün Heydər Əliyevin davam edən yolu, siyasi xətti müstəqilliyin, suverenliyin, inkişaf və tərəqqinin qarantıdır. Tarix özü ən azı dəfələrlə göstərdi ki, Azərbaycan dövləti yalnız Heydər Əliyev yolunda yürüdükcə var olur və güclənir. Bu gün Heydər Əliyev siyasəti artıq siyasətüstü dəyərdir. Bu yol bizi Qarabağa, Şərqi Zəngəzura apardı, hazırda 300 mindən artıq soydaşımız üzü Göyçəyə, İrəvana, Qərbi Zəngəzuradır. Bu mənada Ulu Öndər Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biri də heç şübhəsiz ki, məhz dövlətçiliyi, milli iradəni ifadə edən siyasi xəttin davamlılığını cənab İlham Əliyevin timsalında təmin etmiş oldu. Bu gün cənab İlham Əliyev sözün əsl mənasında xalqın vahidliyini təcəssüm etdirir, Azərbaycan dövlətinin varisliyini təmin edir, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, o cümlədən məhkəmə hakimiyyətinin müstəqlliyinin təminatçısı kimi çıxış edir, harda yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların hamisinə çevrilib. Azərbaycan xalqının qarşısında isə bu gün yalnız bir vəzifə var ki, cənab İlham Əliyevin ətrafında daha sıx birləşsin və Zəfərlərimizin davamlılığını bu yolla təmin etsin.

Cavid Əkbər, “İki sahil”